Astara Rayon Mərkəzi Xəstəxanası istifadəyə verildi FOTO

Astara Rayon Mərkəzi Xəstəxanası istifadəyə verildi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulan Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Həkim Aytən Şiriyeva tibb ocağının müasir tələblər səviyyəsində istifadəyə verilməsinə və bütövlükdə Astaranın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə rayon sakinlərinin minnətdarlığını çatdırıb. Sonra xatirə şəkli çəkdirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, bu tibb ocağının yenidən qurulmasına 2012-ci ilin mayında başlanıb, bu ilin avqustunda başa çatdırılıb. Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi sahə 10 min 674 kvadratmetrdir. Xəstəxananın yerləşdiyi ərazidə əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. Burada müasir infrastruktur formalaşdırılıb. Xəstəxananın birinci mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi yerləşir. İnzibati bölmə, poliklinika, uşaq bölməsi, fizioterapiya və pediatriya şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir. Bu səhiyyə ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə