Nazir müavini:"Nazirliyin icazəsi olmadan reklamlar həyata keçirilməsin"

Səhiyyə Nazirliyi özəl klinika və dərmanların reklamı ilə bağlı müvafiq qurumlara, televiziya şirkətlərinə müraciət edəcək
Nazir müavini:"Nazirliyin icazəsi olmadan reklamlar həyata keçirilməsin"

"Bəzən özəl tibb müəssisələri tərəfindən Səhiyyə Nazirliyinin icazəsi və Dövlət Miqrasiya Xidmətinin iş icazəsi olmadan müxtəlif ölkələrdən xarici mütəxəssislər gətirirlər. Heç bir ölkədə, o cümlədən Azərbaycanda belə hallara yol vermək olmaz". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. O qeyd edib ki, özəl tibb müəssisələrini dövlət tibb müəssisələrindən heç nə fərqləndirmir. Onlar üçün hər cür şərait yaradıldığını deyən nazir müavinin sözlərinə görə, özəl tibb müəssisələri dövlət tibb müəssisələri ilə yanaşı inkişaf ediblər: "Ancaq həmin tibb müəssisələrində də qayda-qanunlara riayət olunmalıdır. Səhiyyə Nazirliyinin də istəyi budur ki, bu məsələ qanun çərçivəsində həll olunsun".

Dərmanların reklamı ilə əlaqədar məsələyə gəlincə, nazir müavini qeyd edib ki, "Reklam haqqında", "Əczaçılıq fəaliyyəti haqqında" qanuna və "Dərman vasitələri haqqında qanunun" maddəsinə görə reseptsiz buraxılan dərman preparatlarının reklamı Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilə bilər. E.Ağayev bu sahədə hələ də müəyyən nöqsanların olduğunu qeyd edib: "Səhiyyə Nazirliyi olaraq, müvafiq qurumlara, televiziya şirkətlərinə müraciət edərək bildiririk ki, nazirliyinin icazəsi olmadan belə reklamlar həyata keçirilməsin. Eyni zamanda, tibb müəssisələri də özlərini qanun çərçivəsində reklam edə bilərlər".

Nazir müavini Milli Məclisin Sosial Siyasət komitəsinin iclasında "Reklam haqqında" və "Dərman vasitələri haqqında" qanunlara dəyişikliklərdə özəl klinikaların reklamlarının məhdudlaşdırılacağını xatırladıb.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə