Xəstələrə dərmanlar pulsuz veriləcək YENİLİK

Xəstələrə dərmanlar pulsuz veriləcək YENİLİK

Gələn ildən etibarən dağınıq skleroz xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar pulsuz veriləcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.

Nazir müavinin sözlərinə görə, bu xəstəliyin müalicəsi üçün lazım olan dərmanlar, xüsusilə interferon qrupuna aid olan dərmanlar çox bahalıdır. E.Ağayev bildirib ki, onların bir kurs müalicəsi minlərlə manat dəyərində ölçülür.

"Gələn ildən etibarən isə bu ehtiyaclar dövlət tərəfindən qarşılanacaq. Nazirlər Kabinetinin tapşırığına əsasən, indi Səhiyyə Nazirliyi tərəfindən xüsusi proqram hazırlanır. Artıq büdcədə də bu məsələ nəzərdə tutulub", - deyə nazir müavini əlavə edib.

E.Ağayev qeyd edib ki, ümumilikdə Azərbaycanın dövlət tibb mərkəzləri 160-dan artıq dərman preparatları ilə təchiz olunub: "Bundan əlavə, müraciət edən və güzəştli kateqoriyadan olan insanlar lazım olan dərmanları Səhiyyə Nazirliyinin yaratdığı xüsusi dərman məntəqələrindən pulsuz əldə edə bilərlər. Gələcəkdə isə bu preparatların sayı artırıla bilər. Əvvəl preparatların sayı 60 idisə, bu sonra 120 oldu, indi isə 166-dır. Bu rəqəm artırıla-artırıla gedir. Dərmanların sayının az olması o demək deyil ki, insanlar dərman preparatları ilə təmin oluna bilmir. Hazırda qeydiyyat olan xəstələrin müalicəsi üçün lazımi sayda dərman preparatları var".

Bütün xəbərlər Facebook səhifəmizdə