Səhiyyə Nazirliyi məlumatları təkzib etdi

Səhiyyə Nazirliyi məlumatları təkzib etdi

Səhiyyə Nazirliyinin mətbuat xidməti Təxirəsalınmaz Təcili Tibbi Yardım Xidmətində dərman çatışmazlığı haqda olan məlumatları təkzib edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, son günlər bəzi mətbu orqanlarda Təcili Tibbi Yardım Xidmətində çağırış zamanı dərmanların olmaması, "xəstə üstünə boş çanta ilə getməsi "kimi yanlış və əsassız fikirlərdən ibarət xoşagəlməz məlumatlar dərc edilib. Dərman çatışmazlığı haqqında həqiqətə uyğun olmayan, yanlış məlumatların dərc olunması fasiləsiz və birmənalı şəkildə son dövrlərdə ünvanına yalnız əhali tərəfindən təşəkkürlər daxil olan Təcili Yardım Xidmətinin işinə kölgə salmaq kimi qiymətləndirilir.

Bu tip əsassız yazılara münasibət bildirən Səhiyyə Nazirliyinin Mətbuat Xidməti deyilənləri təkzib edir. Bildirilir ki, Təcili təxirəsalınmaz tibbi yardım xidmətlərinin briqadaları ilkin yardım üçün nəzərdə tutulan bütün tibbi ləvazimatlar və dərman preparatları ilə təmin olunub. Səhiyyə Nazirliyinin mətbuat xidməti eyni zamanda belə əsassız məlumatları dərc edən mətbu orqanlarının diqqətinə çatdırır ki, bu tip yazılar səhiyyə sektorunda görülən işlər və həyata keçirilən layihələrə kölgə sala bilməz və yaxşı olardı ki, belə yazıları dərc edən qəzet müxbirləri məqaləni yazarkən birtərəfli mövqedən çıxış etməsinlər.

Onu da xüsusi vurğulamaq istərdik ki, hər hansı bir şikayət olduğu halda dərc olunması yubanmaq ehtimalı olan qəzetlərə müraciət etməzdən öncə məsələnin yerindəcə araşdırılması üçün Səhiyyə Nazirliyində habelə Bakı Şəhər Baş Səhiyyə İdarəsində gün ərzində fasiləsiz fəaliyyət göstərən "Qaynar xətt" xidmətinə müraciət etsinlər.

"Qaynar xətt"- xidmətinin əlaqə nömrələri aşağıda göstərilib:
(012)565 12 64
(012)595 40 15
(012)595 35 39

Bütün xəbərlər Facebook səhifəmizdə