“Həkimlərimizi tanıyın!” rubrikamızda

“Həkimlərimizi tanıyın!” rubrikamızda

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, tibb üzrə fəlsəfə doktoru, Səhiyyə Əlaçısı Mircəlal Kazımini təqdim edirik.
Mürəkkəb əməliyyatların peşəkarı
Dr. Mircəlal Kazıminin fəaliyyət sahəsi geniş və mürəkkəb cərrahi əməliyyatları əhatə edir. O, Mərkəzi Gömrük Hospitalında ümumi cərrahiyyə, canlıdan və meyit donordan böyüklərə və uşaqlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi sistemi cərrahiyyəsi, böyrəküstü vəzi əməliyyatları, qida borusu, mədə və 12-barmaq bağırsaq cərrahiyyəsi, yoğun və düz bağırsaq cərrahiyyəsi, həmçinin qarın ön divarı yırtıqlarının cərrahi müalicəsini həyata keçirir. Hər bir əməliyyatın arxasında böyük təcrübə, dəqiq qərar, müasir tibbi yanaşma və ən əsası, insan həyatına verilən yüksək dəyər dayanır. Dr. Mircəlal Kazımi haqqında ətraflı məlumatla Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində tanış ola bilərsiniz. https://customshospital.az/mircelal-kazimi/
Səhiyyədə ilklərə imza atıb
2025-ci ilin fevral ayında Dr.Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan Mənzər Şərifovaya meyit donordan götürülmüş qaraciyər uğurla köçürülmüş və bir müddət sonra meyit donordan götürülmüş böyrək Fuad Nuriyevə köçürülərək Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.

Uzunmüddətli və səmərəli fəaliyyətə dövlət təltifləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında” Sərəncama əsasən, ölkəmizdə səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və göstərdiyi xidmətlərə görə Dr.Kazımi Mircəlal Mirkazım oğlu “Tərəqqi” medalı ilə təltif olunub.
Orqan transplantasiyasında böyük təcrübə
Dr. Mircəlal Kazımi uzun illərdir qaraciyər və böyrək transplantasiyası sahəsində fəaliyyət göstərir. O, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra edən cərrah-transplantoloq kimi tanınır. Bu günədək 1000-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib.
Təhsildən peşəkarlığa uzanan yol
Dr. Mircəlal Kazıminin peşəkar fəaliyyətinin təməlində davamlı təhsil, zəhmət və öz üzərində daim çalışma dayanır. O, 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali tibb təhsili alıb. 2000–2001-ci illərdə M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura keçib.
Peşəkar inkişafını davam etdirmək məqsədilə 2003–2008-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsində təhsil alaraq uzmanlıq dərəcəsinə yiyələnib.
2007–2009-cu illərdə isə Ege Universitetinin Tibb Fakültəsinin Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında qaraciyər və böyrək transplantasiyası sahəsində ixtisasını daha da təkmilləşdirib, Orqan Transplantasiyası və Hepatobiliyar Cərrahiyyə bölməsinin məsul şəxsi kimi fəaliyyət göstərib.
Beynəlxalq təcrübə və davamlı inkişaf
Dr. Mircəlal Kazımi də öz peşəkar fəaliyyətində beynəlxalq təcrübəyə və müasir tibbi nailiyyətlərə xüsusi önəm verir. O, 2009–2010-cu illərdə İzmir şəhərində yerləşən “Kent” xəstəxanasında qaraciyər transplantasiyası sahəsində fəaliyyət göstərib. 2012-ci ildə isə Cənubi Koreyanın Seul şəhərində yerləşən “Asan Medical Center”də hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimdə iştirak edib. Dünyanın aparıcı tibb mərkəzlərində qazandığı təcrübə onun peşəkar fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Peşəyə sədaqət və müasir tibbi yanaşma
Dr. Mircəlal Kazımi tibbin inkişafını daim izləyən, yeni texnologiyaları və müasir müalicə yanaşmalarını öyrənən, əldə etdiyi bilikləri gündəlik klinik fəaliyyətinə tətbiq edən həkimdir. 2008-ci ildə dövlət tibb müəssisəsinin Endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlayan Mircəlal həkim qısa müddət ərzində Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin yaradılmasında mühüm rol oynayıb və 2018-ci ilədək həmin sahədə fəaliyyət göstərib. 2018-ci ildən isə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, ümumi cərrah kimi fəaliyyətini davam etdirir.
Bir həkim, minlərlə ümid
Həkimlik insan həyatına toxunan ən məsuliyyətli peşələrdən biridir. Transplantoloq üçün isə bu məsuliyyət daha böyükdür. Çünki onun verdiyi qərar bir insanın həyatında yeni başlanğıcın qapısını aça bilər. Dr. Mircəlal Kazıminin uzun illər ərzində qazandığı təcrübə, həyata keçirdiyi mürəkkəb əməliyyatlar və transplantasiya sahəsində əldə etdiyi nəticələr onun Azərbaycan səhiyyəsində özünəməxsus peşəkar yol formalaşdırdığını göstərir.
Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə