Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Boyun, qoltuqaltı və ya qasıq nahiyəsində limfa düyününün böyüməsi bir çox insanda narahatlıq yaradır. Bəzən bu, sadə bir infeksiyaya qarşı orqanizmin verdiyi normal cavabdır, bəzən isə daha ətraflı müayinə tələb edən vəziyyətin əlaməti ola bilər. Limfa düyününün böyüməsi zamanı onun ölçüsü ilə yanaşı, ağrılı olub-olmaması, yumşaq və ya sərt olması, hərəkətli və ya hərəkətsiz olması, həmçinin nə qədər müddət davam etməsi də mühüm əhəmiyyət daşıyır. Bəs hansı hallarda narahat olmağa əsas var və nə zaman həkimə müraciət etmək lazımdır? Bu və digər suallara Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova aydınlıq gətirir.

- Xumar həkim, ilk olaraq deyək, limfa düyünlərinin böyüməsi nə ilə əlaqədar ola bilər? Bu, hər zaman ciddi xəstəlik əlamətidirmi?

- Xeyr, limfa düyününün böyüməsi hər zaman ciddi xəstəlik və ya bədxassəli proses demək deyil. Əksər hallarda bu, orqanizmin infeksiyaya və ya iltihabi prosesə verdiyi reaksiyalardan biridir. Məsələn, soyuqdəymə, boğaz və badamcıq infeksiyaları, diş və ağız boşluğu problemləri zamanı, xüsusilə boyun nahiyəsində limfa düyünləri böyüyə və ağrılı ola bilər. Lakin burada yalnız limfa düyününün böyüməsinə deyil, onun ölçüsünə, konsistensiyasına, hərəkətliliyinə, ağrılı olub-olmamasına və nə qədər müddət davam etməsinə diqqət etmək lazımdır.

- Xumar həkim, bəs limfa düyününün ağrılı olması nəyi göstərə bilər?

Yumşaq və ağrılı limfa düyünləri daha çox kəskin infeksiya və iltihabi proseslər zamanı müşahidə olunur. Məsələn, boğazda, badamcıqlarda və ya dişlərdə infeksiya olduqda həmin nahiyəyə yaxın limfa düyünləri böyüyə, toxunduqda həssas və ağrılı ola bilər. Əsas səbəb aradan qalxdıqdan sonra limfa düyünü adətən tədricən kiçilir.

- Hansı limfa düyünləri daha ciddi araşdırma tələb edir?

- Xüsusilə sərt, hərəkətsiz, ətraf toxumalara fiksə olunmuş, getdikcə böyüyən və uzun müddət kiçilməyən limfa düyünləri həkim tərəfindən qiymətləndirilməlidir. Rezin kimi elastik konsistensiyalı və uzun müddət davam edən düyünlər də əlavə araşdırma tələb edə bilər. Lakin yalnız limfa düyününün toxumasına və ya əllə hiss olunan xüsusiyyətinə əsasən diaqnoz qoymaq düzgün deyil.

Bir neçə limfa düyününün bir-birinə yapışması nə ilə əlaqəli ola bilər?

Bu vəziyyət bəzi uzunmüddətli infeksiyalarda, o cümlədən vərəm zamanı müşahidə oluna bilər. Lakin müxtəlif xəstəliklərdə də oxşar dəyişikliklər yarana bilər. Ona görə də belə hallarda səbəbi dəqiq müəyyən etmək üçün həkim müayinəsi vacibdir.

Müxbir: Sonda izləyicilərimizə əsas tövsiyəniz nədir?

Terapevt Xumar Novruzova: Limfa düyününün böyüməsi müşahidə edildikdə dərhal panikaya düşmək lazım deyil. Çünki çox vaxt bunun səbəbi infeksiya və ya iltihabi proses olur. Amma düyün sərtdirsə, hərəkətsizdirsə, getdikcə böyüyürsə və ya uzun müddət kiçilmirsə, həkimə müraciət etmək və səbəbi araşdırmaq vacibdir. Özbaşına müalicə aparmaq əvəzinə, düzgün diaqnostik yanaşma seçilməlidir.

Müsahibəni apardı,

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə