Bir xəstə – beş fərqli diaqnoz: niyə həkim rəyləri bu qədər dəyişir? - AÇIQLANDI

Bir xəstə – beş fərqli diaqnoz: niyə həkim rəyləri bu qədər dəyişir? - AÇIQLANDI

Diaqnostik çətinliklər dünyanın müxtəlif ölkələrində, o cümlədən inkişaf etmiş səhiyyə sistemlərinə malik dövlətlərdə də müşahidə olunur. Bəzi hallarda xəstəliyin dəqiq diaqnozunun müəyyənləşdirilməsi və patologiyanın ilkin mənbəyinin aşkarlanması çətinləşə bilər. Məsələn, metastatik onkoloji xəstəliklər zamanı ilkin şiş mənbəyinin müəyyən edilə bilmədiyi hallar mövcuddur və bəzi hallarda bu mənbə yalnız sonrakı müayinələr, hətta autopsiya zamanı aşkar edilir.

Bu sözləri SİA-ya professor Adil Qeybulla deyib.

Lakin mütəxəssis hesab edir ki, Azərbaycanda diaqnostika ilə bağlı problemlərin daha çox müşahidə olunmasının əsas səbəblərindən biri klinik protokolların və müasir diaqnostik yanaşmaların bütün hallarda düzgün tətbiq edilməməsidir.

Onun sözlərinə görə, xəstənin müayinəsi zamanı fərdi həkim yanaşması ilə yanaşı, standartlaşdırılmış klinik protokollara da ciddi şəkildə əməl olunmalıdır. Xəstəliyin diaqnostikası bir həkimin şəxsi təcrübəsi və yanaşması ilə məhdudlaşmamalı, beynəlxalq tibbi prinsiplərə və təsdiqlənmiş protokollara əsaslanmalıdır.

Mütəxəssis vurğulayır ki, səhiyyə sistemində həkim-xəstə münasibətlərinin əsasını qarşılıqlı etimad təşkil etməlidir. Xəstə həkimin peşəkarlığına güvənməli, həkim isə öz növbəsində qərarlarını elmi əsaslara, klinik protokollara və sübutlara əsasən verməlidir.

Bu baxımdan, diaqnostikanın keyfiyyətinin yüksəldilməsi üçün yalnız ayrı-ayrı həkimlərin təcrübəsinə deyil, vahid klinik yanaşmaların tətbiqinə, multidissiplinar əməkdaşlığa və müasir diaqnostik imkanlardan düzgün istifadəyə üstünlük verilməsi vacibdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə