Uşaqlarda 3 yaş sindromu – Valideynlər nəyi bilməlidir?

Uşaqlarda 3 yaş sindromu – Valideynlər nəyi bilməlidir?

Uşağın 3 yaş dövrü həm fiziki, həm də psixoloji inkişaf baxımından çox mühüm mərhələdir. Bu dövrdə uşaq artıq özünü müstəqil bir fərd kimi hiss etməyə başlayır, seçim etmək, qərar vermək və "mən özüm edəcəyəm" demək istəyir. Məhz buna görə bu yaş dövrü "3 yaş sindromu" və ya "ilk yeniyetməlik dövrü" kimi də tanınır. Bu, xəstəlik deyil, uşağın normal inkişaf mərhələsidir.

Bu sözləri SİA-ya pediatr Səbinə Məmmədova deyib.

O bildirib ki, bu dövrdə uşaqlarda inadkarlıq, tez-tez "yox" demək, səbəbsiz ağlamaq, qəzəb tutmaları, əşyaları atmaq, valideynlərlə mübahisə etmək, hər şeyi tək etmək istəyi və emosiyalarını idarə etməkdə çətinlik müşahidə oluna bilər. Bəzən sakit və mehriban uşaq belə bu yaşda tamamilə fərqli davranışlar göstərə bilər:

“Valideynlərin ən böyük səhvlərindən biri bu davranışları ərköyünlük və ya tərbiyəsizlik kimi qiymətləndirmələridir. Əslində isə uşaq öz sərhədlərini öyrənir və şəxsiyyətini formalaşdırır. Bu mərhələdə valideynin səbirli, ardıcıl və anlayışlı olması çox vacibdir.

Qəzəb tutması zamanı uşağa qışqırmaq, vurmaq və ya cəzalandırmaq problemi həll etmir. Əksinə, onun qorxu və aqressiyasını artıra bilər. Valideyn sakit qalmalı, uşağın təhlükəsizliyini təmin etməli və emosiyaları sakitləşdikdən sonra onunla danışmalıdır.

Uşağa yaşına uyğun seçim hüququ vermək faydalıdır. Məsələn, "qırmızı köynəyi geyinmək istəyirsən, yoxsa mavini?" kimi kiçik seçimlər uşağın müstəqillik hissini sağlam şəkildə inkişaf etdirir.

Evdə gündəlik rejimin olması, kifayət qədər yuxu, balanslı qidalanma, açıq havada oyun və ekran vaxtının məhdudlaşdırılması da davranış problemlərinin azalmasına kömək edir.

Əgər qəzəb tutmaları çox uzun çəkirsə, gün ərzində dəfələrlə təkrarlanırsa, uşaq özünə və ya başqalarına ciddi zərər verirsə, nitq və sosial inkişafında geriləmə müşahidə olunursa və ya davranışlar 4–5 yaşdan sonra da eyni şiddətlə davam edirsə, pediatr və uşaq psixoloquna müraciət etmək məqsədəuyğundur.

Pediatr məsləhəti: Unutmayın ki, 3 yaş sindromu keçici inkişaf mərhələsidir. Bu dövrdə uşağın ən çox ehtiyac duyduğu şey sevgi, anlayış, səbir və ardıcıl valideyn münasibətidir. Sakit və dəstəkləyici yanaşma uşağın emosional inkişafını gücləndirir və gələcəkdə özünəinamlı, sağlam şəxsiyyət formalaşmasına mühüm töhfə verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə