Müasir dövrdə səhiyyə, təhlükəsizlik, nəqliyyat, istehsalat və xidmət sektorlarında çalışan minlərlə insan gecə növbəsində işləyir. Bu iş rejimi bir çox sahələr üçün zəruri olsa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət gecə saatlarında işləmək orqanizmin təbii bioloji ritmini poza və müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Xüsusilə yuxu rejiminin davamlı olaraq dəyişməsi hormonal tarazlığa, maddələr mübadiləsinə və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərir.
Mövzu ilə bağlı SİA-ya danışan həkim hepatoloq Sevinc Abasova bildirib ki, insan orqanizmi gündüz aktiv, gecə isə istirahət etməyə uyğun şəkildə proqramlaşdırılıb. Bu təbii ritm pozulduqda orqanizmdə bir sıra fizioloji dəyişikliklər baş verir.

“Uzun müddət gecə növbəsində işləyən insanlarda bioloji saatın ritmi pozulur. Bu isə ilk növbədə hormonal sistemə təsir göstərir. Bioloji ritmin pozulması nəticəsində böyrəküstü vəzilərin fəaliyyəti dəyişə, eyni zamanda digər endokrin orqanların işində də müəyyən pozğunluqlar yarana bilər. Hormonal balansın dəyişməsi maddələr mübadiləsinə də təsirsiz ötüşmür.
Gecə yuxusunun kifayət qədər alınmaması və yuxu rejiminin davamlı şəkildə pozulması iştahanı tənzimləyən hormonların fəaliyyətinə mənfi təsir edir. Nəticədə insanlarda daha çox qidalanma meyli yaranır, enerji sərfiyyatı azalır və artıq çəki riski artır. Bu proses uzun müddət davam etdikdə piylənmə, insulin müqaviməti və şəkərli diabet kimi metabolik xəstəliklərin inkişaf ehtimalı yüksəlir.
Bundan əlavə, yuxu çatışmazlığı insanın gündəlik fəaliyyətinə də təsir edir. Yorğunluq, diqqətin zəifləməsi, iş qabiliyyətinin aşağı düşməsi və stress səviyyəsinin artması da gecə növbəsində çalışanlarda daha çox rast gəlinən problemlər sırasındadır. Buna görə də gecə işləyən insanların gündüz saatlarında keyfiyyətli yuxu alması, qidalanma rejiminə diqqət etməsi və mütəmadi tibbi müayinələrdən keçməsi sağlamlığın qorunması baxımından olduqca vacibdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB