Məhsula dadlandırıcı vurmaq nə dərəcədə təhlükəlidir? - EKSPERT AÇIQLADI

Dadlandırıcı termini həm təbii, həm də süni maddələri əhatə edən geniş bir anlayışdır. Təbii ki, bir dadlandırıcının təhlükəli olması onların növündən, istehlak miqdarından və fərdin sağlamlıq vəziyyətindən asılıdır. Bəs, məhsula dadlandırıcı vurmaq nə dərəcədə təhlükəlidir?

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, qida sənayesində dadlandırıcılar şəkəri əvəz etmək, kalori miqdarını azaltmaq üçün istifadə olunur:

“Aidiyyəti üzrə qidalara əlavə edilən dadlandırıcılar gündəlik qəbul miqdarı daxilində təhlükəsiz sayılır. Amma uzunmüddətli uzunmüddətli istifadə bağırsaq mikrobiotasına və maddələr mübadiləsinə təsir edə bilər.
Dadlandırıcıları süni dadlandırıcılar, şəkər spirtləri, təbii dadlandırıcılar olaraq qruplaşdıra bilərik. Süni dadlandırıcı olan E951-Aspartam bədəndə fenilalaninə parçalanır. Fenilketonuriya xəstəliyi olanlar üçün həyat üçün təhlükəlidir. Son araşdırmalar bəzi süni dadlandırıcıların insulin həssaslığına təsir edə biləcəyini göstərir.
Ksilitol, sorbitol, eritritol kimi şəkər spirtləri daha az kalorilidir. Amma yüksək miqdarda qəbul edildikdə osmotik təsir yaradaraq şişkinlik, qaz və ishal törədə bilir.

Təbii dadlandırıcılar isə ən təhlükəsiz hesab olunan qrupdur. Bəzi hallarda dadın acılığı səbəbindən istehsalçılar onları digər süni maddələrlə qarışdıra bilirlər. Hər zaman qeyd etdiyimiz kimi etiket oxumaq vərdişinə yiyələnməliyik. Etiketdə şəkərsiz yazılan məhsulların tərkibində hansı E kodların olduğunu yoxlamalıyıq. Xüsusilə E950 -Asesulfam K və E951 - Aspartam kimi qatqı maddələrindən uzaq dursaq yaxşı olar. Bəzi dadlandırıcılarda, məsələn Aspartam yüksək temperaturda parçalanır və dadını itirir. Eyni zamanda kimyəvi tərkibi dəyişir. İsti yeməklərdə daha çox sukraloza, ya steviya istifadə olunmalıdır.
Uşaqlar, hamilə qadınlar hər zaman olduğu kimi risk qrupundadır. Uşaqların maddələr mübadiləsi hələ formalaşmadığı üçün süni dadlandırıcılı məhsulların onlara verilməsi tövsiyə edilmir. Əgər tez-tez həzm problemləri yaşayırıqsa, tərkibində sorbitol, ya xylitol olan saqqız və şirniyyatları rasionumuzdan çıxarmalıyıq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə