İncə xəstəlik: tuberkulyoz təhlükəsi

Keçmişdə ona incə xəstəlik adı verilib, çünki orqanizmdə inkişafı incə gedir, bəzən ayılırsan ki, ciddi tuberkulyoz xəstəliyi daşıyıcısısan. Xalq arasında vərəm olaraq da bilinən tuberkulyoz xəstəliyi, "Mycobacterium tuberculosis" adlı bakteriyanın xaricdən bədənə daxil olduğu zaman baş verən yoluxucu xəstəlikdir. Əsasən tənəffüs yollarından keçən bu bakteriya insanın ağciyərlərinə yayılır və sonradan ağciyərlərdə iltihaba səbəb olur. Vərəmə ən çox yoluxmuş orqan ağciyər kimi tanınır. Bu vəziyyətin səbəbi mikrobların bədənə giriş nöqtəsinin ağciyərlər olmasıdır.

Lakin bəzi hallarda vərəm çöpləri ağciyərlərdən keçərək limfa sistemi və qan dövranı vasitəsilə orqanizmin digər orqan və ya toxumalarına keçə bilir. Beləliklə, mikrobun insanın limfa düyünlərinə, böyrəklərinə, sümüklərinə və hətta beyninə yayılma riski var. Xəstəliyin yayıldığı orqan və toxumalarda ciddi iltihablar baş verir və disfunksiya yaranır.

Bu gün inkişaf edən müalicə üsulları sayəsində, keçmişlə müqayisədə ölüm nisbətlərində azalma olsa da, dünyada təxminən 8,5 milyon insan hələ də vərəmdən əziyyət çəkir və hər il təxminən 2 milyon insan bu xəstəlikdən ölür. Buna görə də vərəm hələ də ciddi sağlamlıq problemi olaraq qalır.

Vərəmin risk faktorları hansılardır?

"Mycobacterium tuberculosis" adlı virusun orqanizmə verəcəyi zərər və xəstəliyin inkişaf ehtimalı insanın bədəninin müqavimətindən asılı olaraq dəyişir. İmmun sistemi zəif olan insanlarda xəstəliyin təsiri daha güclü ola bilsə də, immun sistemi güclü olan insanlar ciddi simptomlar yaşamadan xəstəlikdən sağalırlar.

İmmunitet sistemi və bədən müqaviməti tam formalaşmamış 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı yaşlı şəxslər, müxtəlif dərmanlar və ya müalicə üsulları səbəbiylə immun sistemi zəifləmiş şəxslər, bədənin müqavimətinin normadan çox az olmasına səbəb olan xəstəlikləri olan şəxslər, məsələn, QİÇS, şəkərli diabet, xroniki böyrək və ya qaraciyər xəstəlikləri və ya xərçəng kimi xəstəlikləri olanlar, orqan transplantasiyası keçirmiş şəxslər vərəmlə mübarizədə gücsüz ola bilərlər.

Vərəm nədən yaranır?

Vərəm bu gün də çox ciddi xəstəlik olaraq qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) paylaşdığı məlumatlara görə, dünyada xəstələrin təxminən 2,5%-i vərəm xəstələridir. Bununla belə, "qarşısı alına bilən" kateqoriyaya daxil olan ölümlərin təxminən 25%-i vərəm xəstələrində baş verir. Xəstəlik dünyanın bütün ölkələrində müşahidə olunsa da, Cənub-Şərqi Asiya və Afrikada daha çox rast gəlinir.

Xəstəliyin əsas səbəbi hələ məlum olmasa da, müxtəlif ekoloji amillərin təsiri var. Bundan əlavə, QİÇS kimi immunitet sistemini zəiflədən xəstəliklərin artım sürəti vərəm xəstəliyinin artım sürəti ilə düz mütənasibdir. Urbanizasiyanın yüksək olduğu və insanların sıx yaşadığı bölgələrdə QİÇS-in nisbəti ilə yanaşı vərəmin də nisbəti artır.

Xəstəliyin ən çox yayıldığı bölgə Afrikadır. Bu bölgənin ən əhəmiyyətli xüsusiyyəti dünyada QİÇS-in ən çox görüldüyü bölgə olmasıdır. Odur ki, QİÇS və buna bənzər immunsupressiv xəstəlikləri olan insanlarda və ya anadangəlmə səbəblərdən (yaxud dərman istifadəsi və s.) immun sistemi zəif olan insanlarda xəstəliyin inkişaf riski xeyli yüksəkdir.

Əgər 20 gündən çox öskürürsünüzsə...

Vərəm əlamətlərinin meydana çıxması insanın immun vəziyyətindən asılı olaraq dəyişir. Əslində, bədən müqaviməti yüksək olan insanlarda xəstəlik ümumiyyətlə aktivləşmir, orqanizm onu özü dəf edə bilir. Ancaq müxtəlif səbəblərdən bədənin müqaviməti azalmış insanlarda xəstəlik aktivləşə bilər. Vərəm simptomları adətən yüngül gedişlə başlayır. Xəstəlik ümumiyyətlə ağciyərlərə təsir etsə də, vəziyyətdən asılı olaraq digər orqan və toxumaları da tuta bilər. Buna görə də, insanın yaşayacağı simptomlar virusun yayıldığı orqandan asılı olaraq dəyişə bilər.

Erkən vərəm simptomları təxminən 20 gün davam edən və keçməyən öskürək, adətən öskürəklə davam edən və bir müddət sonra müşahidə edilən qanlı bəlğəm, zəiflik və daimi yorğunluq, baş ağrısı və yüksək temperatur, iştahasızlıq və nəticədə arıqlamaq, mədə ağrısı, sinə və kürəkdə ağrı, limfa düyünlərinin uzunmüddətli şişkinliyi, həmçinin boyun nahiyəsində şişkinlik, oynaqlarda və ya sümüklərdə davamlı ağrıdır.

Xəstəliyin sonrakı mərhələlərində birinci mərhələnin simptomları kəskinləşir. Xəstə təngnəfəslik və səs boğulma kimi simptomları da hiss etməyə başlayır. Bu simptomlar aktiv vərəm simptomları olan insanlara aiddir. Aktiv vərəm, bir insanın bakteriya ilə yoluxduğu və müxtəlif simptomlar inkişaf etdirə və virusu digər insanlara ötürə biləcəyi bir vəziyyətdir.

Gizli vərəmli insanlarda xəstəliyin heç bir əlaməti olmur. İnsanın bədənində bu xəstəliyə səbəb olan bakteriyalar yarandıqda güclü immun sistemi tərəfindən sıxışdırılır və buna görə də orqanizmdə xəstəlik törədicisi olan həmin bakteriyaların çoxalmasının qarşısı alınır. Bu vəziyyətdə insanın səhhətində ciddi simptomlar göstərmir. Gizli vərəm zamanı xəstəliyin başqa bir insana keçmə riski yoxdur.

Necə müalicə olunmalı?

Vərəmin diaqnostika və müalicəsində səlahiyyətli qurum Ağciyər Xəstəlikləri İnstitutu və Vərəm Dispanserləridir. Bundan əlavə, normal təchizatı olan xəstəxanalarda xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı bütün proseslər həyata keçirilə bilər. Diaqnoz mərhələsində əvvəlcə xəstənin fiziki əlamətləri yoxlanılır. Daha sonra şəxsin bəlğəmində vərəm çöplərini aşkar edən vərəm testi aparılır.

Bu müayinələrlə yanaşı, şəxsin ağciyərlərinin vəziyyətini müəyyən etmək üçün ağciyər rentgenoqrafiyası da aparılır. Xəstəliyin qəti diaqnozunun qoyulması üçün şəxsdən götürülən bəlğəm mikroskopla yoxlanılır. Buna görə də xəstəliyin diaqnozu çətin deyil və cərrahi müdaxilə tələb olunmur. Diaqnozun qoyulmasında ən vacib element mümkün olduğu qədər tez həkimə müraciət edilməsidir.

Bu gün vərəmin müalicəsi üçün müxtəlif üsullar mövcuddur. Xəstəliyə qarşı tibbi müalicə üsulları ilə yanaşı sağlam qidalanma, istirahət və uzun müddətli sanatoriya müalicəsi də çox təsirlidir. Lakin xəstəliyin müalicəsi təkcə bu üsullara həvalə edilmir və dərman istifadəsi də tətbiq edilir. Müalicə prosesində mikrobun həm inkişafının, həm də özünü çoxaltmasının qarşısını almaq üçün dörd müxtəlif növ dərman birlikdə istifadə olunur. Xəstəliyin müalicəsi uzun müddət davam edə bilər. Ümumiyyətlə, müalicənin ilk 2 ayında dərman istifadəsi həddindən artıq ola bilər. Vərəmin müalicəsinin 2-ci ayından sonra adətən insanın vəziyyəti yaxşılaşır və nəticədə yazılan dərmanların sayı azalır.

Xəstə ona yazılan dərmanları mütəmadi və vaxtında qəbul etməlidir. Bu yolla xəstəliyin irəliləmə sürəti azalır, simptomlar yüngülləşir və başqa insanlara keçmə ehtimalı azalır. Müalicə müddəti 6 aydan az deyil. Mikrobun bədəndən uzaqlaşdırılması bəzən daha qısa vaxt tələb etsə də, infeksiyanın hələ də bədəndə qalma riski var. Buna görə də vərəmin müalicəsində dərmanların müntəzəm istifadəsi çox vacibdir. Çünki dərman istifadəsinin kəsildiyi hallarda xəstəliyin sağalmama ehtimalı yüksəkdir. Əslində müalicənə laqeyd yanaşmayan insanlarda xəstəliyin sağalma faizi kifayət qədər yüksəkdir.

Xəstəliyin müalicəsi adətən ambulator şəraitdə aparılır və şəxsin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmur. Ancaq xəstənin vəziyyətindən asılı olaraq xəstəxanaya yerləşdirmə mümkün ola bilər. Nəfəs darlığı olan, daim qanlı bəlğəm ifraz edən, dərman müalicəsini normal yerinə yetirməyən, vərəmlə yanaşı ciddi xəstəlikləri olan insanlar xəstəxanaya yerləşdirilə bilər.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə