Şimşək vurması zamanı nə etmək lazımdır? - HƏKİM AYDINLIQ GƏTİRDİ
Son günlər yay olmasına rəğmən havanın qəfil soyuması ilə yağışlı, ildırımlı hava şəraiti müşahidə olunur. İldırım çaxması isə təhlükəli təbiət hadisələrindən biridir və insanı ildırım vurması sağlamlığa ağır zərbələr vura, hətta ölümlə də nəticələnə bilir.
Şimşək vurması və bunun fəsadları barədə SİA-ya terapevt Abbas Bağırov danışıb: "Şimşək çaxması təbiət hadisələrindən biridir. Bu hadisə yer və buludlar arasında olan cərəyan boşalması nəticəsində meydana çıxır. Buludlarda yaranmış mənfi yüklər yerdə olan mənfi yüklərə istiqamət aldıqda işıqlı və gurultulu səsin müşayiəti ilə bu təbiət hadisəsi baş verir. Bu təbiət hadisəsinin baş verməsi də təbiət üçün əhəmiyyətli təhlükəli hadisələrdən biridir. Şimşək vurması isə yüngül, orta, ağır olmaqla dərəcələrinə görə bir-birindən fərqlənir. Dərəcələr əlamətlərinə görə bir-birindən fərqlənir. Əgər bədənin müvazinəti pozulursa, gözlər biraz qaralıb düzəlirsə, eşitmə müvəqqəti dayanıb bərpa edilirsə, başda kəskin və qəfil ağrı başlayırsa, bunlar ildırım vurmasının zəif əlamətləridir. Nisbətən güclü zərbə təsirləri olduqda, özünü daha ciddi əlamətlərlə göstərir. Huşun itirlməsi, eşitmənin zəifləməsi və tamamilə itməsi, iflic əlamətlərinin başlaması, yaddaşın itməsi qismən ağır dərəcəli ildırım vurmasının əlamətləridir. Bunlardan da ağır dərəcələrdə ürək, tənəffüs dayanır, canlılarda artıq geriyə dönməyən və bərpa olunması mümkün olmayan həyati proseslər gedir".
Bəs şimşək vurması zamanı nə etmək lazımdır?
Həkim vurğulayıb ki, ilk olaraq, təcili tibbi yardımı çağırmaq lazımdır: "Təcili tibbi yardım yetişənə qədər reanimasyon tədbirləri görməyə tələsmək lazımdır. Şimşək vurmuş adamın kliniki vəsiyyəti müşahidə edilməlidir, əgər tənəffüsü, nəbzi yerindədirsə, göz bəbəklərində bioloji ölüm əlamətləri müşahidə edilmirsə, bu zaman təcili və təxirəsalınmaz reanimasiya tədbirlərə əl atmaq lazımdır. Əgər ilkin tibbi yardım tədbirləri göstərilməsə şimşək vurmuş insanın həyatını təhdid edən xüsusi təhlükələr yaranar. İldırım vurmuş xəstəni üstü örtülü məkana aparmaq lazımdır, paltarlarını çıxarmaq lazımdır. Əgər yanıqlarla müşayiət edilən dəri zədələri, travmatik və ya termiki yanıqları varsa bu zaman paltarı tamamilə soyundurmağa ehtiyac yoxdur çünki dəri toxumasının daha çox zədələnməsinə gətirib çıxara bilər. Xəstəni nəfəsini rahat ala biləcəyi şəkildə uzadıb üzərini isti örtüklə örtmək, sakitləşdirməyə çalışmaq lazımdır. Tənəffüs aktının pozulması, dil qatlanmasının (qıcolma) baş verməməsi üçün çənə sümüyünün arxa oynağını bir balaca önə tərəf sıxıb saxlamaq, qıcolma proseslərinin baş verməməsi üçün müşahidə edilməlidir. Vasitəli ürək masajı ilə ürək fəaliyyətini nəzarətə götürülmək lazımdır. Ürək masajı ilə bir yerdə gərəkdiyi halda hər 5 saniyədə bir dəfə olmaq şərti ilə süni tənəffüs etməyə üstünlük verilməlidir ki, ağ ciyərlərin, diafraqmanın hərəkəti təmin edilsin, pasient nəfəs alıb verə bilsin. Nəbz hiss edilməyə başlayanda vasitəli masaja son vermək lazımdır. Şimşək vurması zamanı xəstəyə duzlu və soda qatılmış ilıq su içirtmək də faydalıdır. Bu, bədəndə elektronik balansını tənzimləyir. Ürək döyüntülərini tənzimləmək üçün karboral da vermək olar. Naşatır spirti qoxulatmaq da faydalıdır.
Bundan başqa bir neçə təhlükəsizlik tədbirləri də vardır ki, güclü şimşək vurması, yağışlar, elektrik boşalmaları zamanı insanlar əməl etməlidir. Çünki şimşək çaxmalarında çox güclü elektrik gərginlikləri yaranır. Bu da öz növbəsində xüsusi təhlükəli vəziyyətdi və çox zaman şimşək vurmaları ölümlə nəticələnir. Hava yağışlı olduğu və şimşək çaxdığı zaman insanlar üzərindəki bütün metal əşyaları, cib telefonlarını, qol saatlarını, hətta kəmərlərdə olan metal detalları üzərindən ayırmalıdır. Mobil əlaqə dayandırılmalıdır, sakit, başını aşağı əyib yerdə oturmaq lazımdır. Hündür obyektlərdən – ağaclardan, elektrik dirəklərindən uzaq durmaq lazımdır. Şimşək çaxması ilə bağlı təxirəsalınmaz tədbirlərlə bir yerdə profilaktik qaydalar da vardır və bunlara əməl edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə