Dr.Toğrul Piriyev “Həkim məsləhəti” rubrikasında

Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı Dr.Toğrul Piriyev “Həkim məsləhəti” rubrikasında “Uşaqlarda göbək yırtığı nədir və hansı hallarda cərrahi müdaxilə mütləqdir” sualını cavablandırıb. SİA xəbər verir ki, uşaqlar ağladıqda, asqırdıqda və öskürdükdə bağırsaqların və qarıniçi piy toxumasının göbək nahiyəsindən şişkinlik şəklində çıxmasına göbək yırtığı deyilir. Bu zaman göbək nahiyəsində oval və ya yumru formada qabarıqlıq müşahidə olunur və uşağın göbəyi 1-2 sm qabağa çıxır.

Uşaqların qarnı adətən yumşaq olur və üzərindən basdıqda rahat olaraq içəri gedir. Basdıqda içəri getməyən, qusma, ağrı, yeməkdən imtina kimi hallar müşahidə olunduqda təcili olaraq uşaq cərrahına müraciət etmək lazımdır. Göbək yırtığı yenidoğulmuş uşaqlarda tez-tez rast gəlinən və müalicəsi rahat olan bir patologiyadır. Uşaq doğulduqdan sonra ilk həftələrində, göbək kordonu düşdükdən sonra daha aydın gözə çarpır. Vaxtından əvvəl və aşağı çəki ilə doğulan uşaqlarda göbək yırtığına daha çox rast gəlmək olur. Yenidoğulmuş uşaqlarda göbək yırtığının görülmə sıxlığı 15-30 faiz arası dəyişir.
Göbək yırtığı ağrı, narahatlıq və əsasən həzm problemlərinə yol açır. Normada göbək yırtığı 3 yaşına qədər uşaqlarda heç bir müalicə olunmadan öz-özünə keçir. Əgər 3 yaşına qədər keçməmişdirsə, bir dəfə də olsa, boğulma olmuşdursa, yırtıq defektinin eni 1.5 sm-dən böyükdürsə, bu zaman yırtıq cərrahi müdaxilə yolu ilə aradan qaldırılmalıdır. 4 yaşına qədər bağlanmayan göbək yırtığına mütləq cərrahi müdaxilə olunmalıdır.

Onu da valideynlərin nəzərinə çatdırım ki, göbək yırtığı olan uşaqlarda göbək üzərinə qoyulan qəpik və ya bandajlar yırtığın tez bağlanmağında heç bir əhəmiyyət kəsb etmir. Qeyd edim ki, daha böyük yaşlarda belə yırtıqlar insanın sağlamlığı üçün təhlükəli olur - yırtıq nahiyəsinə çıxan bağırsaq burada "boğula" bilər ki, nəticədə insanın sağlamlığı və hətta həyatı üçün çöx təhlükəli hal olan bağırsaq keçirilməzliyi inkişaf edə bilər. Bunun da yeganə müalicə üsulu təcili cərrahiyyə əməliyatıdır. Göbək yırtığı olan uşaqlar daim cərrahın nəzarətində olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə