Dr.Bəxtiyar Musayev MGH-yə baş həkim təyin olunub

Mərkəzi Gömrük Hospitalının rəis müavini, Tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev 16 mart 2023-cü il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunub. SİA xbər verir ki, dr.Bəxtiyar Musayev 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika I fakültəsini bitirmiş, 1982-1983-cü illərdə 5 saylı Klinik Xəstəxanada Cərrahiyyə üzrə internatura keçmişdir. O, 1984-1989-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının ET Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, 1989-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutunda kiçik, daha sonra baş elmi işçi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına ET Kliniki Təbabət İnstitutunda böyük elmi işçi, 2000-2018-ci illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah kimi çalışıb.

Dr.Bəxtiyar Musayev 2018-ci ildən 16 mart 2023-cü ilə qədər Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini vəzifəsində, eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərib. Bəxtiyar həkim 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.

Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Dr.Bəxtiyar Musayevi Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunması münasibətilə təbrik edir, şərəfli fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır!

Bütün xəbərlər Facebook səhifəmizdə