C vitamini çatışmazlığı nələrə yol aça bilər? - DİETOLOQ DANIŞDI

“Vitaminlər kiçik miqdarda lazım olan, sağlamlığı qorumaq və bərpa etmək üçün lazım olan maddələr qrupudur. C vitamini askorbin turşusu olaraq da adlandırılır”. Bu sözləri SİA-ya açıqlamasında diyetoloq Sevinc Həsənzadə bildirib.

Dietoloq qeyd edib ki, orqanizmdə istehsal edilə bilmədiyi üçün əlavələr və müxtəlif qida pəhrizləri ilə qəbul olunan vitamin növüdür: “C vitamini kollagen adlanan bir maddənin qurulması üçün lazımdır. Bu maddə dəri, sümük, qığırdaq, birləşdirici toxumalar, tendonlar, qan damarı divarları və dişlərin inkişafı və sağlamlığı üçün vacibdir. C vitamini ilə zəngin müxtəlif qidalar vardır: Sitrus meyvələri (portağal, mandarin, qreyfurt, limon), qovun və qarpız, kivi, ispanaq, pomidor, brokoli kimi tərəvəzlər. C vitamini ehtiyacının 90%-dən çoxu meyvə və tərəvəzlərlə təmin olunur. Tərəvəz və meyvələrin bişirilərək hazırlanması C vitamini tərkibini 30-40% azaldır. C vitamini insan orqanizmində istehsal edilə bilməz. Qəbul etdiyimiz qidalardan alınan bu vitamin bədənin funksiyaları üçün çox əhəmiyyətli rol oynayır. C vitamini çatışmazlığı enerji itkisi, qəfil yorğunluq və halsızlıq kimi şikayətlərə səbəb olur. Meyvələrdən alınan vitamin C bədənə böyük qatqı verir”.

Sevinc Həsənzadə sözlərinə belə davam edib: “Orqanizm C vitamini çatışmazlığı yaşayırsa, diş əti iltihabının yaranması ehtimalı böyükdür. Diş gigiyenasına əməl etsəniz belə, dişləriniz yenə də şişir və qanayırsa, C vitamini ilə zəngin qidalar qəbul etməyi sınaqdan keçirin. Mütəxəsisslər hər yetkin qadın üçün gündə 75 mq, yetkin kişilər üçün isə gündə 90 mq C vitamini qəbul olunmasını tövsiyə edirlər. Siqaret istifadəçilərində isə bu normaya gündə 35 mq da əlavə olunmalıdır. Bildirilir ki, bədənin hansısa yeri yaralanır və çox gec sağalarırsa və ya harasa toxunub tez göyərirsə, bu, böyük ehtimalla C vitamini çatışmamazlığına bir işarədir. Bunu aradan qaldırmaq üçün sitrus meyvələri, eləcə də göyərtiləri müntəzəm olaraq yemək tövsiyə olunur. C vitamini çatışmazlığı zamanı bizim saclarımız tökülür, tez-tez oynaq ağrıları olur, tez -tez immunitet düşür xəstələnirik, səbəb olmadan cəkiniz artırsa, dəriniz quru görünürsə, həftə boyu özünüzü yorğun hiss edirsiz, tez-tez burnunuz qanayır, dırnağınız incəlir zəifləyir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə