Dr.Vüsal Cəfərov Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi təyin edilib

Uşaq Cərrahiyyəsi şöbəsinin uzman həkim-cərahı, tibb xidməti baş leytenantı Dr.Vüsal Cəfərov 2 fevral 2023-cü il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi təyin edilib. SİA xəbər verir ki, dr.Vüsal Cəfərov 2016-cı ildən 2023-cü ilin 2 fevral tarixinə qədər Mərkəzi Gömrük Hospitalında Uşaq Cərrahiyyəsi şöbəsində uşaq cərrahı kimi çalışıb.

Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Vüsal həkimin uşaq cərrahiyyəsi sahəsində apardığı əməliyyatların sayı 5000-i ötmüşdür.

O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir. O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdir.
Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Dr.Vüsal Cəfərovu Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi təyin edilməsi münasibətilə təbrik edir, ona məsul və peşəkar fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır!

Bütün xəbərlər Facebook səhifəmizdə