“Ürək-damar xəstəliklərinin cavanlaşması müşahidə olunur”. - MÜSAHİBƏ

Son illərdə ürək xəstəliklərinin sayında ciddi şəkildə artım var. SİA xəbər verir ki, miokard infarktının yaşı getdikcə cavanlaşır. Əvvəllər bu xəstəliklər 45-50 yaşda müşahidə olunurdusa, indi daha cavan yaşlarda, hətta 25 yaşlı şəxslərdə də miokard infarktı aşkarlanır. Bunun səbəbləri haqqında oxucularla fikirlərini bölüşmək üçün Mərkəzi Gömrük Hospitalının həkimi, invaziv kardioloq, yandal uzmanı Dr.İlqar Tahiroğluya müraciət etdik.

- İlqar həkim, əhali arasında yayılmış ürək-damar xəstəlikləri haqqında nə deyə bilərsiniz? Bu xəstəliklərinin yayılması səbəbi nədir?

- Bəli, son vaxtlar bütün dünyada ürək-damar xəstəlikləri cavanlaşıb. Hazırda təkcə bizim ölkədə deyil, bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur. Gənc yaşlarda infarkt aşkarlandıqda həkimlər ilk olaraq xəstənin narkotik qəbul etməsindən şübhələnirlər. Bir gəncdə genetik ürək xəstəliyi faktoru yoxdursa, o ən çox narkotik və enerji içkilərindən istifadə etdiyi üçün infarkt ola bilər. İndi bütün dünyada, o cümlədən də Azərbaycanda narkotik vasitələrin istifadəsi ilə əlaqədar olaraq miokard infarktında gəncləşmə müşahidə edilir.

Kardioloji xəstəliklərin bir çox növləri var. Son zamanlar ən çox yayılan ürəyin işemik xəstəliyi, anadangəlmə və ya qazanılmış ürək xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı, aritmiyalardır.

Tək Mərkəzi Gömrük Hospitalında deyil, digər xəstəxanalarla da danışanda öyrənirik ki, həftədə ən azı bir nəfər gənc miokard infarktı ilə çox ağır vəziyyətdə gətirilir. Qan-damar sistemi xəstəliklərində dəyişdirə bilib-bilməyəcəyimiz bir sıra səbəblər var. Bir ailədə genetik olaraq ürək, qan-damar xəstəliyi varsa, onların övladlarında da bu xəstəliyin olma ehtimalı yüksəkdir. Təbii ki, belə şəxslər müəyyən yaşdan sonra mütləq şəkildə nəzarətdə qalmalıdır. Genetikasında risk olan şəxslərin müəyyən yaşdan sonra xolesterin səviyyəsi ölçülməlidir.

- Daha çox hansı xəstəliklər ürək xəstəliklərinin əmələ gəlməsinə yol açır?

- Şəkər, xolesterin yüksəkliyi, stress faktoru, zərərli vərdişlər, yüksək dozalı spirtli və enerji içkiləri, "fast food"-dan müntəzəm istifadə, qidalanmanın pozulması ürək xəstəliklərinin yaranmasına səbəb olur. Bundan başqa, son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da oturaq həyat tərzi artıb. İnsanlar piyada deyil, maşınla getməyə daha çox üstünlük verirlər. Oturaq həyat və hərəkətsizlik artıq çəki və ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına, artmasına səbəb olur. Bundan başqa, son zamanlar gənclər arasında qəlyandan istifadənin genişlənməsi də bu xəstəliklərin artmasına gətirib çıxarıb.

- Ürək xəstəliklərinin başlanması əlamətləri hansılardır və nə vaxt bununla bağlı həkimə müraciət etmək lazımdır?

- İlk növbədə, sinədə göynəmə, ağrının sol qola və kürəyə yayılması, boğulma, təngnəfəslik, ayaqlarda şişkinlik, hərəkət zamanı ağrının artması, baş ağrısı olduğu zaman mütləq həkimə müraciət olunmalıdır. Çünki bu, artıq ürək xəstəliklərinin göstəricisidir.

- İlqar həkim, bəs bunun qarşısını necə almaq olar? Ümumiyyətlə, ürəyin sağlam olması üçün nələri tövsiyə edərdiniz?

- Sonradan qazanılan ürək xəstələri zərərli vərdişlərdən, enerji içkilərindən uzaq durmalıdır, daha çox hərəkətdə olmalıdır, artıq çəki almamalıdır. Problem yeməyin miqdarı və aldığımız enerji ilə xərclədiyimiz enerjinin eyni olmamasındadır. Bu səbəbdən axşam yeməyindən sonra mütləq gəzməli və idman etməliyik. Lakin biz axşam yeməyindən sonra yatmağa üstünlük veririk. Belə olan halda bədəndə piy, yağ qatı yaranır. Bir müddət sonra isə bu problemlər özünü ürəkdə də göstərir.

Ürək, qan-damar sistemi xəstəlikləri olanlar mütləq şəkildə gün ərzində 45 dəqiqə orta sürətlə yürüş, oturaq həyatı olan şəxslər yüngül gimnastika hərəkətləri icra etməlidir. Həftədə ən azı üç gün, 50 dəqiqə olmaqla yürüşlər etmək lazımdır. Bundan başqa, duzlu və yağlı yeməklərdən uzaq olmaq, meyvə-tərəvəz qəbulunu daha da artırmaq məsləhətdir. Xəstənin problemi araşdırılmalıdır və sonradan pəhrizə başlanılmalıdır.

Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə