D vitamini azlığının qarşısını necə almalıyıq? - DİETOLOQ AÇIQLADI

"D vitamini, yağda həll oluna bilən və bədəndə depolana bilən sterol qrupundan olan vitamindir. D vitamininin ən vacib mənbəyi günəşin ultrabənövşəyi şualarıdır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Dietoloq qeyd edib ki, insan vücudunun gündə 20 dəqiqə günəşlənməsi orqanizm üçün vacibdir: "D vitamini sümük və dişlərin inkişafı, sağlamlığı üçün çox vacibdir. Sümüklər üçün vacib olan kalsium və fosfor D vitamini ilə əldə edilir. D vitamini sinir sistemi və immunitet sisteminin qüvvətlənməsində, sümük, əzələ və oynaqların sağlamlığında çox vacib rola malikdir. D vitamininin əsas mənbəyi günəş işığıdır. Buna görə D vitamini çatışmazlığının əsas səbəbi kifayət qədər günəş işığı alınmamasıdır. Günəşdən qoruyucu kremlərdən istifadə də dəridə D vitamini sintezini 95%-dək azaldır. Onu da qeyd edək ki, günümüzdə zavodların işləməsi, maşınlardan ixrac edilən tüstülər və s. səbəblərdən ekoloji problemlərin yaranması, havanın çirklənməsi keçmişdə olduğu kimi günəş şüalarının vücudumuzun tələbatını ödəyəcək qədər D vitamini ilə təmin etməsi artıq çox çətindir. Belə bir ekologiyada hətta alınan günəş şüaları bəzən dəri xərçənginə qədər gətirib çıxara bilər. D vitamini çatışmazlığının digər bir səbəbi də bədəndəki yağ miqdarının artmasıdır. Yağ miqdarı artdıqca D vitamininin səviyyəsi azalır, buna görə piylənmə D vitamini çatışmazlığı üçün vacib bir risk faktorudur. Bundan əlavə bəzi mədəaltı vəzi, böyrək xəstəlikləri və ya arıqlama əməliyyatı keçirən xəstələrdə D vitamini çatışmazlığı ola bilər. Epilepsiya dərmanı kimi bəzi dərmanlar da D vitamini çatışmazlığına yol açır.

D vitamini çatışmazlığı nəticəsində bağırsaqda kalsium və fosforun udulması azalır və bu azalmanı əvəzləmək üçün paratiroid vəzlərindən paratiroid hormonu ifrazı artır. Bu hormon, qandakı kalsiumu normal həddə çatdırmaq üçün kalsiumu sümüklərdən qana çəkir və artıq fosforun sidikdən xaric olmasına səbəb olur. Sümüklər üçün çox vacib iki maddə olan kalsium və fosforun azalması sümüyün quruluşunu zəiflədir. Bunun nəticəsində isə sümük əriməsi,yəni “osteoporoz” meydana gəlir.

Uşaqlarda görülən D vitamini çatışmazlığı sümük deformasiyasına səbəb olur və bu vəziyyətə raxit deyilir. Bundan əlavə, bu uşaqlarda əzələ zəifliyi də meydana gələrək ayaq üstə durmaqda və yeriməkdə çətinlik yaradır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə