TƏBİB-in nümayəndə heyəti “ArabHealth 2023” sərgisində iştirak edir - FOTOLAR

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) nümayəndə heyəti hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən dünyanın ən böyük səhiyyə sərgilərindən biri - “ArabHealth 2023” sərgisində iştirak edir. TƏBİB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 30-dan fevralın 3-dək Dubay Dünya Ticarət Mərkəzində keçirilən sərgidə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova, Strateji təhlil və inkişaf departamentinin Proseslərin optimallaşdırılması və inkişaf şöbəsinin müdiri Ziya Məmmədzadə, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin Marketinq şöbəsinin məsləhətçisi Orxan Həsənov təmsil olunurlar.

Nümayəndə heyəti ABŞ, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Finlandiya, Almaniya kimi ölkələrin pavilyonlarını ziyarət ediblər, birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, fikir mübadiləsi aparılıb. Sərginin Transformasiya zonasında təqdim olunan tibb sahəsindəki startaplarla bağlı məlumatlar əldə olunub. Tibbi reabilitasiya zonasında isə reabilitasiyanın son yenilikləri və texnologiyaları ilə tanış olublar.

Fevralın 2-də isə TƏBİB-in nümayəndə heyəti sərginin ən önəmli konfranslarından olan “Future Health Summit”də iştirak edəcəklər. Dubayın məşhur “Gələcəyin muzeyi”ndə keçiriləcək olan bu konfrans dünyada tibb sənayesinin aparıcı liderləri ilə əlaqə qurmaq və “Metaverse”in səhiyyədə genişlənən rolunu müzakirə etmək üçün önəmli imkanlar yaradacaqdır.

Qeyd edək ki, sahəsi və iştirakçılarının sayına görə dünyanın ikinci ən böyük sərgisi olan “ArabHealth” bu il 66 ölkədən rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə, 4200-dən çox yerli və xarici şirkət sərgidə 170 ölkədən 60 000-dən çox peşəkar ziyarətçiyə ən son texnologiyaları və həlləri təqdim edir.

47 ildir ki, “ArabHealth” sərgisi səhiyyə sahəsində ən son yenilikləri bütün sərgi iştirakçılarının və ziyarətçilərin diqqətinə çatdırır.

Sərgi biznes, liderlik və davamlı tibb təhsili (CME) üzrə bir sıra konfrans və seminarlarla müşayiət olunur ki, burada ən son yeniliklər və ən yaxşı təcrübələr, metodlar və bacarıqlar haqqında məlumat verilir.

“ArabHealth”in baş qərargahı Böyük Britaniyada yerləşən dünyanın ən böyük sərgi şirkəti – “İnforma Markets” tərəfindən təşkil olunur. Azərbaycanın “Profex Group” şirkəti də MDB və Baltikyanı ölkələrdə “İnforma Markets” şirkətinin rəsmi və eksklüziv tərəfdaşıdır. Dünyanın 43 ölkəsində yerləşən 150 şirkətin ofisində çalışan 3 500-dən çox işçi illik 2 000-dən çox sərgi və konfransın uğurla təşkilini təmin edir. Bura BƏƏ, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Braziliya, Avropa, ABŞ, Cənub-Şərqi Asiya və digər ölkələrdə keçirilən səhiyyə, əczaçılıq sərgiləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə