Ölkədə niyə dərman qıtlığı yaşanır? - MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRİLDİ

Son zamanlar ölkəmizdə dərmanlarda 7-8 dəfə qiymət artımı müşahidə olunur. Bəs buna səbəb nədir? Bu kimi hallara qarşı hansı tədbirlər görülməlidir? Ölkədə niyə dərman bolluğu yoxdur? SİA mövzu ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin deputatı Kamilə Əliyevanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu problem hələ də mövcuddur: "Ümumiyyətlə Azərbaycanda dərmanlar cüzi miqdarda istehsal olunur. Əksər dərmanları biz digər dövlətlərdən alırıq. Ölkəmizə ən çox dərman idxalı isə Rusiya, Ukrayna, Avropa və Asiya ölkələrindən olur. Qiymətlərin yüksək olması da bununla bağlıdır".

Deputat sözlərinə belə davam edib: "Respublikanın hər yerində dərmanların satışı vahid qiymətə həyata keçirilir. Bunun üçün də xüsusi reyestrlər var ki, həmin reyestrlərdə dərmanların hamısının qiyməti göstərilir.

Avropadan bizə idxal olunan dərmanlar daha başa gəlir. Qonşu ölkə olan Türkiyə ilə müqayisədə bizdə dərman qiymətləri çox yüksəkdir.

Dərman qıtlığının digər bir səbəbi isə Rusiya ilə Ukrayna arasında gedən müharibədir. Bu səbəbdən Azərbaycana daxil olan dərmanlarda gecikmə və problemlər müşahidə olunur.

Ümumiyyətlə, dərmanlar tərkibinə görə yazılmalıdır ki, insanlar bu dərmanların əldə edilməsində çətinlik çəkməsinlər. Çünki eyni tərkibə malik olan dərmanlar müxtəlif ölkələr tərəfindən fərqli adla istehsal olunur. Əgər biz hansısa bir dərmanı həmin adla tapmırıqsa, həmin tərkibdə digər ölkənin istehsal etdiyi dərmanı tapmaq mümkündür. Həkimlər də belə məsələlərdə diqqətli olmalıdır ki, insanlar dərmanı tapmaqda çətinlik çəkməsinlər.

Güman edirəm ki, yaxın gələcəkdə Azərbaycanda da dərman istehsalı ilə bağlı zavodlar tikilsin və dərman qıtlığının qarşısı alınsın".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə