Hansı uşaqların qrip virusuna yoluxması təhlükəlidir? - PEDİATR MÜNASİBƏT BİLDİRDİ

“Qrip dediyimiz xəstəlik influenza virusunun törətdiyi mövsümi xəstəlikdir. Virusun influenza A,B,C tipləri vardır ki, pandemiyaları törədən, ən çox yayılan növləri influenza A və B-dir”. SİA xəbər verir ki, bu sözləri mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, bu əsasən oktyabr ayının sonundan mart ayının sonuna qədərki dövrdə geniş yayılır: “Yüksək yoluxuculuq qabiliyyətinə malik olan virusdur. Hər il rast gəldiyimiz bu virus Covid-19 pandemiyası dövründə qapanmalar səbəbi ilə az rast gəlinsə də, qapanmaların bitməsi, havaların soyuyub insanların qapalı mühitlərdə, iş yerləri, baxça və məktəblərdə kollektiv mühitdə olması səbəbi ilə hal-hazırda pik səviyyədə yayılıb”.

Yüksel Hüseynli sözlərinə belə davam edib: “Qrip həm müalicəsi, həm də peyvəndi olan xəstəlikdir. Adından məlum olduğu kimi, virus mənşəli olduğu üçün müalicədə antibiotikdən istifadə olunmur. Xəstəliyə yoluxmadan sonra kollektiv immunitet əmələ gəlir, növbəti illərdə xəstəlik daha yüngül keçirilir.

Klinik olaraq :
- qoltuqaltı temperatur 38 dərəcə,
- quru öskürək,
- tərləmə,
- boğaz ağrısı,
- ümumi halsızlıq,
- burun axıntısı,
- baş ağrısı,
- ishal,
- qusma,
- kiçik yaşlı uşaqlarda narahatlıq, ağlamaq, qidadan imtina kimi hallarla özünü biruzə verir.

Xəstəliyin əlamətləri başlamadan 2-3 gün əvvəldən artıq yoluxmuş oluruq. Yoluxma hava-damcı yolu ilə asqırma, öskürmə, danışma ilə havaya keçən virus damcıları ilə baş verir.

Klinik əlamətlər 7-10 gün davam edir. Xəstəlikdən əvvəlki 1 gün və sonrakı 7 gün yoluxuculuq qabiliyyəti yüksək olan dövrdür ki, bu müddətdə uşaqları baxçaya, məktəbə göndərməməli, özümüz isə istirahət etməliyik. Xəstəlik uşaqlarda otit, sinusit, pnevmoniya, bronxiolit kimi xəstəlikləri törədə bilir. Xəstəlik qısa müddətdə özünü sərhədləsə də, uşağın immun sistemindən, virus yükündən asılı olaraq keçirdiyi xəstəliklər uzun müddət davam edə bilər. Xüsusilə öskürək ən gec sağalan əlamətlərdəndir.

- 6-24 ay arası körpə uşaqlar
- İmmun yetməzliyi olan
- Anadangəlmə ürək qüsuru olan
- Xroniki ağciyər xəstəlikləri olan(astma,kistik fibrozis)
- Endokrin xəstəliklər(Diabet)
- Metabolik xəstəliklər
- Neyrodegenerativ xəstəlikləri olan uşaqlar bu xəstəliyi daha ağır keçirə biləcəkləri üçün risk qruppasına daxildirlər. Bunun üçün, bu şəxslərin və onlara qulluq edən, onlarla yaxın təmasda olan ailə üzvlərinin qrip peyvəndi vurdurması vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə