MGH-də qripə qarşı Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır

Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır. SİA xəbər verir ki, qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 50 AZN təşkil edir.

Vaxigrip Tetra peyvəndinin vaksinasiyası ilə bağlı suallarımızla Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayevaya müraciət etdik.

-Mədinə həkim, Vaxigrip Tetra peyvəndi ilə vaksinasiyanın əhəmiyyəti barədə məlumat verərdiniz?
-Hal-hazırda tək COVİD-19 deyil, influenza virusu ciddi problem törədir. İnfluenza virusu tərəfindən törədilən qrip ağırlaşmalar verə bilən bir xəstəlikdir. Qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da çox müşahidə edilir. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlar qrip infeksiyasının ağırlaşması üçün risk qrupundadırlar. Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra qripdən və onun ağırlaşmalarından qorunmağın ən effektiv vasitəsi 4-lü qrip əleyhinə peyvənddir.
Vaxigrip Tetra peyvəndinin aşağıda qeyd olunan faydaları var:
1.Bu peyvənd qripə tutulmanın qarşısını alır;
2. Qriplə əlaqədar xəstəxanaya yatma riskini azaldır;
3. Qrip infeksiyasının ağırlaşması üçün risk qrupu olan yaşlıların, hamilələrin, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olanların, orqan transplantasiyası edilən xəstələrin, ciddi immunsupresif müalicə alanların ağırlaşma və xəstəxanaya yatma riskini azaldır.
-Mədinə həkim, Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya nə zaman edilməlidir?
-Bu peyvənd qrip mövsümü başlamadan öncə, payızın əvvəllərində vurulmalıdır. Lakin insan qrip tutmamışsa və risk qrupundadırsa qrip mövsümünün sonuna qədər Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya oluna bilər. İldə bir dəfə Vaxigrip Tetra peyvəndi təkrar vurulmalıdır. Vaxigrip Tetranın hər il təkrarlanmasının 2 səbəbi vardır. Birinci səbəb peyvəndə bağlı immunitet zaman keçdikcə zəifləyir. İkinci səbəb isə qripə səbəb olan influenza virusu çox tez-tez mutasiyaya səbəb olur. Bu səbəbdən hər il yeni Vaxigrip Tetra əvvəlki mövsümdə görülən və epidemiyaya səbəb olan alt qruplar nəzərə alınaraq hazırlanır.
-Mədinə həkim, Vaxigrip Tetra peyvəndi hansı qrup insanlar üçün əks-göstərişdir?
- 6 aydan kiçik uşaqlar;
-Yumurta allergiyası olanlar;
- Daha öncə qrip peyvəndinə qarşı allergik reaksiyası olanlar;
-Yüksək qızdırmalı xəstəlik zamanı bu peyvənd ilə vaksinasiya etmək əks-göstərişdir.

Müsahibəni apardı:
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə