Dietik qidaları almaq, yoxsa hazırlamaq sərfəlidir? - DİYETOLOQ DANIŞDI

“Sağlam olmaq və yaxşı görünmək kimi müxtəlif səbəblər insanları dieta saxlamağa məcbur edir. Amma çarəni dietada görən adamların çoxu nə qədər çalışsa da, istədiyi qədər arıqlaya bilmir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Dietoloq qeyd edib ki, bol şəkər qəbul etmək insanı kökəldən əsas səbəblərdən biridir: “Orqanizm artıq şəkəri yağ hüceyrəsi kimi tutub saxlayır. Pəhrizdə olanlar və sağlamlığına diqqət etmək istəyənlər üçün əla bir seçim dietik qidalar almaqdı deyə düşünürlər. Mən deyərdim ki, bu dietik hazır qidaları, məhz ofisdə işləyənlər, özlərinə yemək bişirmək, qulluq etmək vaxtı olmayanlara daha çox sərf edir. Düşünürəm, amma bu dietik qidaların satışını əldə etmək üçün də ucuz məhsullardan hazırlayırlar. Məsələn, ucuz yoqurtlar, kəsmiklər, süd məhsulları, ət, toyuq və s. nəticə etibarı ilə düşünün ki, onlarda faydalı heç nə yoxdur. İşə gedənlər, məktəbə gedənlərə və hətta evdar xanımlarımız fərq etmir yeməklərinizi öncədən axşamdan hazırlamağı məsləhət görürəm. Arıqlamaq üçün pəhriz yeməklərini özünüz etsəz evdə daha yaxşı olar. Arıqlamaq üçün qidalar dedikdə, dərhal gözümüzün qabağına soyutma, suda bişmiş, dadsız, duzsuz tərəvəzlər gəlir. Ancaq əslində, dietik yeməkləri hər zaman bu cür hazırlamağa gərək yoxdur. Pəhriz saxlayanlar üçün maraqlı reseptlər, arıqlamaq üçün xüsusi yeməklər vardır. Sadəcə, bir vacib qayda var: arıqlamaq üçün pəhriz yeməkləri kalori baxımından ciddi məhdudlaşdırılmışdır. Yəni 100 qram dietik yeməyin enerji dəyəri 150 kaloridən çox olmamalıdır. Bu pəhriz yeməklərini hazırlamaq üçün siz internetdə baxa bilərsiniz və ya bunu sizə təyin etmək üçün mütəxəssisə müraciət edin. Sağlam olun! Sağlam qidalanın”.

Bütün xəbərlər Facebook səhifəmizdə