XBB.1.5 variantı dünya səhiyyə sisteminə təzyiq göstərəcək?

Alimlər xəbərdarlıq edirlər ki, XBB.1.5 adlı yeni variant koronavirusun əvvəlki variantlarına nisbətən daha asan yoluxur. Eyni zamanda, koronavirusa qarşı peyvənd olunan insanları da yoluxdura bilir. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mütəxəssislər XBB.1.5 variantının dünya səhiyyə sisteminə təzyiq göstərə biləcəyini deyirlər. Bununla belə, yeni variantın əvvəlki variantlardan daha ciddi xəstəliklərə səbəb olduğuna dair hələ heç bir dəlil yoxdur.

XBB.1.5 ştammı mutasiyaya uğramış variantdır. Böyük Britaniyada dekabrın 10-dan 17-dək koronavirusa yoluxanların 4 faizində XBB.1.5 ştammı təsdiqlənib.

Mütəxəssislər bildirirlər ki, XBB.1.5 “Omicron XBB”nin mutasiya edilmiş versiyasıdır və ilk dəfə avqust ayında Hindistanda aşkarlanıb.

BJ.1 və BA.2.75 variantlarının kombinasiyası olan XBB cəmi bir ay ərzində bəzi ölkələrdə yoluxma hallarını dörd dəfə artırıb. Warwick Universitetinin virusoloqu, professor Lawrence Young: “XBB.1.5 variantı çox yoluxucudur və Nyu-Yorkda, xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur. İmmunitetin azalması, soyuq hava səbəbindən daha çox evdə olmaq, eləcə də tibbi maskaları taxmamaq ABŞ-da infeksiyaların artmasına kömək edir”.

Digər tərəfdən, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi məlumatlar koronavirusa yoluxma hallarının 41 faizinin XBB.1.5-lə əlaqəli olduğunu göstərir. Bu rəqəm bir həftə əvvəllə müqayisədə iki dəfə artıb.

“Biz XBB.1.5-in ölkənin şimal-şərq bölgəsində dominant variant olacağını və bütün regionlarda artacağını gözləyirik”, - deyə CDC-nin əməkdaşı Barbara Mahon bildirib.

O, həmçinin vurğulayıb ki, XBB.1.5-ə yoluxma hallarının sürətli artımı “çox narahatedicidir” və infeksiyaların yeni dalğasını sürətləndirmək üçün kifayət qədər güclüdür.

XBB.1.5-ə yoluxma halları ən azı 74 ölkədə təsdiqlənib. Bu ölkələrə Türkiyə, İngiltərə, Çin, Hindistan, Pakistan, İndoneziya və Avstraliya daxildir.

Bəs, XBB.1.5-in əlamətləri hansılardır? Mütəxəssislər XBB.1.5 variantının simptomlarının digər “Omicron” variantlarına bənzədiyini bildirirlər və simptomları aşağıdakı kimi sıralayırlar:

- Öskürək

- Soyuq

- Qızdırma

- Boğaz ağrısı

- Bədən ağrıları.

Bütün xəbərlər Facebook səhifəmizdə