Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib

Avqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Heydər Əliyev” mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.

SİA xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulmuşdu.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, dövlət və hökumət təşkilatları adından əklil düzülmüşdü.

Xalq şairi Nəriman Həsənzadənin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər mərkəzin binasına gələrək, Azərbaycan poeziyasının görkəmli nümayəndəsinə son borclarını yerinə yetiriblər.

Vida mərasimində əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəniyyət naziri Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA prezidenti Akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Xalq şairi Vahid Əziz çıxış edərək, Xalq şairi Nəriman Həsənzadənin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.

Ailə üzvləri adından çıxış edən oğlu Nazim Həsənzadə atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Xalq şairi Nəriman Həsənzadənin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Fəxri xiyabana aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə