Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 12-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfəri nazirlik Azərbaycana ekstradisiya edib.
Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120.000 manat məbləğində vəsaiti ələ keçirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Məmmədov Ramil Ramiz oğlunun yeri Bosniya və Herseqovinada müəyyən olunub. O, orada həbs edilib.
Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Ramil Məmmədov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən Penitensiar xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə