Hazırda Fövqəladə Hallar (FHN) Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ümumilikdə 75 çimərliyə nəzarət edir. SİA-nın məlumatına görə, bunu FHN-in Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki sahilində yerləşən çimərlikdə təşkil etdiyi mediaturda nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.
O, bildirib ki, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır:
"Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir".
FHN rəsmisinin sözlərinə görə, bütün təhülksəzilik tədbirləri iyun ayının 15-dək yekunlaşacaq və iyun ayının 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
"Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112 qaynar xəttinə zəng edin",- deyə Akşin Əlili müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə