Qadının azyaşlı övladını işgəncə ilə öldürməkdə təqsirləndirilən şəxsə 18 il iş
Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Yaşar Abbasov 18 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, onun doqquz yaşlı fiziki qüsurlu oğlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.
Yaşar Abbasova Cinayət Məcəlləsinin 120.2.2-ci, 120.2.4, 120.2.9, 133.2.1, 133.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkən şəxsin hüquqi varisi olan anası İpək Əhmədova da hazırda məhkumdur. O, narkotik vasitələrin qanunsuz istifadəsi ittihamı ilə həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə