Məhkəmə Bakının Sabunçu rayonunda tanışını döyərək ağır xəsarətlər yetirməkdə ittiham olunan Elməddin Şıxıyevlə bağlı qərar verib. SİA xəbər verir ki, Elməddin Şıxıyevin şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə məhkəmə keçirilib.
Qərara əsasən, Elməddin Şıxalıyevin ittiham olunduğu Cinayət Məcəlləsin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri həmin Məcəllənin 130.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və ona təyin edilən cəza 1 ilə endirilib. Cəza çəkilmiş sayıldığından təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
E.Şıxıyev Bakı Ağır Cinayətər Məhkəməsinin hökmünə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin yanvar ayında Sabunçu rayonunun Savalan yaşayış massivində baş verib.
İttihama görə, Elməddin Şıxıyev birlikdə yaşadığı qadının qonşusu Emil Məmmədovu mübahisə zəmnində küçədə döyərək ağır xəsarətlər yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 126.2.3-ci (Qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Elməddin Şıxıyevin idmançı olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə