MSK bu seçki dairələrində nəticələri ləğv etdi

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 35 saylı Xətai III Seçki Dairəsində də parlament seçkilərinin nəticələrini ləğv edib. SİA-nın məlumatına görə, iclasda bildirilib ki, araşdırmalar zamanı həmin seçki dairəsi üzrə pozuntuların baş verdiyi müəyyən edilib və bu pozuntular həmin dairə üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

İclasda həmin dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsi təklif olunub və təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Abbasov Rauf Arif oğludur.

***

33 saylı Xətai birinci seçki dairəsi üzrə parlament seçkilərinin nəticələri ləğv edilib. Məlumata görə, Mərkəzi Seçki Komissiyasına qanun pozuntularının baş verdiyi barədə daxil olan müraciətdə həmin dairə üzrə seçkilərin nəticlərinin ləğv edilməsini xahiş edilib.

İclasda bildirilib ki, araşdırmalar nəticəsində həmin dairədə seçkilərin nəticələrinə təsir edəcək pozuntular baş verib və bu pozuntular seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb.

İclasda həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul olub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hüseynbala Mirələmovdur.

***

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələrini ləğv edib. SİA-nın məlumatına görə, iclasda bildirilib ki, MSK-ya daxil olan şikayətlərə asaslanaraq həmin dairədə seçki qanunvericiliyinin pozulduğunu bildirib və həmin dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş ediblər.

İclasda bildirilib ki, MSK tərəfindən aparılan araşdırmalar nəticəsində iddialar öz təsdiqini tapıb və bir neçə məntəqədə seçkilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular baş verib. Bunlar seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb.

Təklif səsə qoyularaq 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələri ləğv edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hadı Rəcəblidir.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb. Müraciətdə qeyd olunub ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilib, barmaqlar rənglənməyib, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın.

Təklif səsə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...