"Qanun pozuntuları araşdırılacaq, kəskin addımlar atılacaq" -AÇIQLAMA

Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının Qaynar xəttinə 280-ə yaxın müraciət daxil olub. SİA-nın məlumatına görə, bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub. Onun sözlərinə görə,bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var: "Qaynar xəttdə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə addekvat olan addımların, hətta kəskin addımların şahidi ola bilərsiniz".

R.Qasımov əlavə edib ki, iddia olunan qanun pozuntular araşdırılmalıdır: "Bunlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə