Maldivli nümayəndə: "Seçicilərə qarşı heç bir təzyiq yox idi" - VİDEO

Maldiv Respublikasının Seçki Komissiyasının 5 üzvündən biri Fuad Tofiq (Fuwad Thowfeek) və Maldiv Seçki Mərkəzinin Maliyyə şöbəsinin üzvü Əhməd Asim (Ahmed Asim) Azərbaycandakı seçki prosesini müşahidəçi qismində dəyərləndiriblər. SİA xəbər verir ki, onlar ilk növbədə Azərbaycan dövlətinə dəvətə görə təşəkkürlərini bildiriblər və seçki prosesi zamanı Bakıda 9 fərqli ünvan üzrə 11 məntəqədə olduqlarını deyiblər.

İlkin müşahidə mərhələsi 10:00-dan 16:00-ı əhatə edib. Maldivli müşahidəçilər səslərin sayılmasında da iştirak etdiklərini bildiriblər. Fuad Tofiq seçki prosesinin axıcı və narahatlıq olmadan keçdiyini vurğulayıb. Onlar seçki prosesini həm daxildən, həm də xaricdən müşahidə ediblər. Nümayəndələrin sözlərinə görə seçicilərə nə daxildən, nə də xaricdən heç bir təzyiq olmayıb.

Fuad Tofiq rəsmi şəxslərlə də görüşdüklərini və hər kəsin öz vəzifəsini düzgün icra etdiyini də əlavə edib: "Seçki prosesində bizim üçün ünsiyyət cəhətdən bariyer yaranmışdı lakin hər məntəqədə ən azı bir nəfər tərcüməçi var idi. Həm rəsmilər, həm də müşahidəçilər bizə lazımı qədər köməklik göstərdilər. Bütün məntəqələrdə seçkini beynəlxalq müşahidəçilərin də izləməsi gülərüzlə qarşılanırdı".

Maldivli MSK nümayəndəsi xüsusilə onu qeyd edib ki, 19:00-da seçkilər yekunlaşan zaman qapılar bağlandı və bu zaman seçki məntəqəsinə daxil olmağa çalışan heç kəsi görmədik. Digər bir üstün cəhət isə məntəqələrdə ən azı 8 kabinin olması idi. Biz digər ölkələrdə də müşahidə aparmışıq lakin onların hamısında səsvermə zamanı növbələrə rast gəlmişik. Azərbaycanda olduğumuz məntəqələrdə isə belə bir problemlə qarşılaşmamışıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə