"Seçkilərin şəffaf şəraitdə keçirildiyi birmənalıdır" - Gürcüstanlı müşahidəçi

Gürcüstan Parlamentinin müşahidə missiyası ölkəmizdə keçirilən parlament seçkiləri zamanı apardıqları müşahidənin nəticələrini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, Parlamentin deputatı Savalan Mirzoyev 11 məntəqədə müşahidə apardıqlarını bildirib.

“Seçkilərin şəffaf şəraitdə keçirildiyini həm seçicilər, həm də müxtəlif partiya nümayəndələri, o cümlədən komissiya üzvləri qeyd edirdilər. Xarici ölkələrin, təşkilatların müşahidəçi missiyaları da məntəqələrdə müşahidələr aparırdılar. Bizim müşahidə qrupumuz da onlarla məlumat mübadiləsində idik. Gəldiyimiz ümumi qənaət belədir ki, həm seçicilər, həm müşahidəçilər üçün hərtərəfli şərait yaradılmışdı”, - deyə gürcüstanlı deputat vurğulayıb.

S.Mirzoyev iki ölkə arasında əlaqələrə toxunaraq qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas partnyordur: “Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə