Braziliyalı müşahidəçilər Azərbaycan xalqını təbrik edib

Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Braziliyanın nümayəndə heyəti jurnalistlərə açıqlama verib. SİA xəbər verir ki, Braziliyanın nümayəndə heyəti bu gün keçirilən parlament seçkiləri barədə müsbət fikir və rəy bildirib.

Braziliyalı müşahidəçi Antonio Anastasiya qeyd edib ki, o Azərbaycan-Braziliya dostluq qrupunun üzvüdür və Azərbaycana gəldiyi üçün çox məmnundur.

Dostluq qrupunun üzvü kimi Azərbaycanda seçkiləri müşahidə etdiyini bildirən müşahidəçi seçkilərin şəffaf və demokratik şəraitdə keçdiyini vurğulayıb.

Braziliya nümayəndə heyətinin digər üzvü Klaudio Kajado da Azərbaycanda keçirilən parlament seçkiləri barədə müsbət fikirlər səsləndirib. Binəqədi və Qaradağ seçki məntəqələrində olduğunu deyən müşahidəçi hər şeyin normal keçdiyini, burada demokratiyanın şahidi olduğunu bildirib.

Sonda, Braziliyanın hər iki nümayəndəsi Azərbaycan xalqını demokratik seçkilər, demokratiyanın qələbəsi münasibətilə təbrik edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə