Nizami I və II seçki dairələrindən kimlər uğur qazandı?

İlkin nəticələrə görə, 24 saylı Nizami birinci və 25 saylı Nizami ikinci seçki dairələrindən müvafiq olaraq, bitərəf Nurullayeva Könül Oruc qızı və YAP-ın namizədi Vəliyeva Sədaqət Süleyman qızı deputat seçildilər

Fevralın 9-da Azərbaycan Respublikasında Milli Məclisə seçkilər keçirilib. Parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib və 1314 deputatlığa namizəd mübarizə aparıb.

Qeydə alınanlardan 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Ümumilikdə partiya mənsubiyyəti olan namizədlərin sayı isə 305 nəfər idi. Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlar idi. Parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin isə namizədliyi ləğv edilib.

Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790 nəfər idi. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləri idi.

Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra bildi. Bu KİV-lər 47 ölkəni təmsil edirdilər. Buraya ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir.

Beləliklə də, əvvəlcədən də təxmin edildiyi qədər, yüksək seçici aktivliyi şəraitində baş tutan seçki prosesi hər zaman olduğu kimi demokratikliyi, şəffaflığı və obyektivliyilə diqqət çəkdi. Bir daha sübut olundu ki, Azərbaycan bu seçkilərin də öhdəsindən layiqincə gəldi və parlament seçkiləri ölkədə demokratik proseslərin inkişafında çox mühüm mərhələ oldu. Azərbaycan vətəndaşları böyük istək və qətiyyətlə öz namizədlərinə səs vermək üçün seçki məntəqələrinə gəldi və iradəsini ortaya qoydu.

Elə Bakının Nizami rayonunda da seçkilər yüksək seçici aktivliyi şəraitində baş tutdu. Qeyd edək ki, 24 saylı Nizami birinci seçki dairəsində YAP-ın, Müsavatın və 8 nəfər bitərəf, 25 saylı Nizami ikinci seçki dairəsində isə YAP-ın, AMİP-in, Müsavatın, ADP-nin, VAP-ın, Respublikaçılar İttifaqının namizədləri, həmçinin, 3 nəfər bitərəf namizəd mübarizə apardı. Seçki prosesinin təbliğat-təşviqat mərhələsində sistemli və effektiv təbliğat aparmış namizədlərin seçicilərin etimadını qazanacağı isə əvvəlcədən təxmin edilirdi.

Bununla yanaşı, məntəqələrdə müşahidə aparmış YAP-ın, BAXCP-nin, AVP-in, BQP-nin, MDHP-nin, ADMP-nin və müstəqil müşahidəçilərin rəyləri də çox yüksək oldu. Qeyd edildi ki, istirahət günü və havanın soyuq olmasına baxmayaraq, seçicilər axınının ardı-arası kəsilmirdi. Səsvermə prosesində qanunvericiliyin tələblərinin pozulması halları olmayıb. Bildirildi ki, bu dəfəki seçkilərdə seçicilərin fəallığı daha yüksək oldu.

Eyni zamanda, diqqətə çatdırıldı ki, seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu, seçkiqabağı təbliğat və təşviqat işlərinin də yüksək səviyyədə aparıldığını göstərir. Çünki bütün məntəqələrdə hər kəs məntəqəyə daxil olduğu andan öz iradəsinə uyğun hərəkət edir, seçdikləri namizədlərə səslərini verirdilər. Eyni zamanda, əlil və yataq xəstələrinin də səs verməsi üçün daşınan qutular evlərə aparıldı. Seçki komissiyasının üzvlərinin də vətəndaşlara necə hörmətlə yanaşdığının, lazım gələndə qanunvericilik çərçivəsində onlara hər cür kömək etdiklərinin şahidi olduqlarını da bildirdilər.

Görünən odur ki, Bakının Nizami rayonunda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirildi. Hər şey qanunların müvafiq tələblərinə uyğun aparıldı. Müşahidəçilər müşahidə apardıqları müddət ərzində heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını, seçki başlamamışdan əvvəl seçki qutularının möhürlənməsini və məntəqələrin seçkilərə açılmasını müşahidə etdiklərini qeyd etdilər.

Xarici müşahidəçilərin də seçkilərlə bağlı fikirləri yüksək, təəssüratları müsbət idi.

MDB Müşahidə qrupunun Rusiyadan, Belorusdan, Qazaxıstandan olan nümayəndələri də qeyd etdilər ki, Azərbaycanda seçkilərdə səsvermə prosesi çox yaxşı təşkil olunub və çox ölkələr üçün nümunə ola bilər. Bildirdilər ki, onlar bütün məntəqələrdə xoş qarşılandılar, suallarına çox dəqiqliklə cavab aldılar və heç bir qayda pozuntusuna rast gəlmədilər. Xüsusilə vurğuladılar ki, Azərbaycanda seçkilərə münasibət çox ciddidir. Barmaqların yoxlanılması müsbət təcrübədir, seçicilərin təkrar səsvermədə iştirak edib-etməməsini dəqiqləşdirmək məqsədilə ultrabənövşəyi mürəkkəbdən istifadə edilməsi də çox yaxşı üsuldur.

Əlbəttə ki, seçicilərin də fikirləri onların ən layiqli namizədlərə səs verdiklərini isbatladı.

Bir sözlə, saat 08:00-da başlanan və 19:00-da başa çatan seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə 21638 (49.72 %) və 25 saylı Nizami ikinci seçki dairəsi üzrə 18700 (40.81 %) nəfər seçici iştirak etdi. İlkin nəticələrə görə, ilkin nəticələrə görə, 24 saylı Nizami birinci və 25 saylı Nizami ikinci seçki dairələrindən müvafiq olaraq, bitərəf Nurullayeva Könül Oruc qızı və YAP-ın namizədi Vəliyeva Sədaqət Süleyman qızı deputat seçildilər.

"Opinion Way" Sosialoji Tədqiqatlar İnstitutu ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı "exit-poll" nəticələrini də açıqlayıb. Nəticələrə görə Sədaqət Vəliyeva seçicilərin 56 faizinin, Könül Nurullayeva isə 43.9 faizinin səsini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə