"Havanın soyuq keçməsinə baxmayaraq seçici fəallığı yüksəkdir" FOTOLAR

Ağdam rayonunda parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlayıb. SİA-nın məlumatına görə, Çəmənli kənd tam orta məktəbinin binasında yerləşən 23 saylı seçki məntəqəsi saat 7.50-də müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8.00-da səsvermənin başlandığı elan edilib.

23 saylı seçki məntəqəsində 1306 seçici qeydə alınıb. Səhər saatlarından məntəqələrə gələn seçicilər istədikləri namizədə səs verirlər. Seçki məntəqəsində ilkin səs verənlərdən biri – Çəmənli kənd sakini Əli Məmmədov yaradılan şəraitdən razılığını bildirərək deyib: “Bütün seçkilərdə iştirak edirəm. Bu gün də bir Azərbaycan vətəndaşı kimi öz seçki hüququmdan istifadə edərək istədiyim namizədə səs verdim. Məntəqədə seçkilərin azad, demokratik keçirilməsi üçün yaradılan şəraitdən razıyam".

Səhər saatlarından məntəqəyə gələnlərin içərisində gənclər üstünlük təşkil edib. Sənan Məmmədov fikirlərini belə ifadə edib: “İlk dəfə səsvermədə iştirak etdiyim üçün bir qədər həyəcanlıyam. Ancaq bir vətəndaş kimi konstitusion hüququmdan istifadə edərək, bu mühüm kampaniyada iştirak etdiyim üçün çox sevinirəm".

Səsvermənin gedişini izləyən yerli müşahidəçilər Rabil Sarıyev və Elməddin Məmmədov seçkilərin yüksək səviyyədə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlinmədiyini deyiblər.

15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq başlayıb. Dairə seçki komissiyasının 4 saylı məntəqəsinin sədri Simuzər Zeynalova bildirib ki, məntəqə üzrə 1483 seçici qeydə alınıb. Onlardan 7 nəfəri seçki hüququndan ilk dəfə istifadə edəcək gənclərdir.

“Soyuq hava şəraitinə baxmayaraq, 15 saylı Yasamal I seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçici fəallığı yüksəkdir. Məntəqə üzrə yaşı 80-ni ötmüş 24 seçici var. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər. Məntəqədə veb-kamera quraşdırılıb. Seçki normal qaydada gedir, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə