Məntəqələrdə seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb
34 saylı Xətai ikinci seçki dairəsi üzrə məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb. Seçki dairəsində 36 məntəqə fəaliyyət göstərir. SİA-nın məlumatına görə, seçki dairəsinin dairə seçki komissiyasının sədri Rəfael Mehdiyev bildirib ki, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə 18 namizəd və 93 min 913 seçici qeydiyyata alınıb. Ən yaşlı seçicinin 100 yaşı var. Bu zamana qədər rəsmi formada məntəqələr üzrə seçici və müşahidəçilər tərəfindən heç bir şikayət daxil olmayıb. Seçicilərin ən çox aktiv olduğu məntəqələr 18 və 20 saylı məntəqələrdir.
O qeyd edib ki, 10 məntəqədə veb-kameralar quraşdırılıb. Hava şəraitindən asılı olmayaraq, seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir. Seçkilərin gedişini yerli müşahidəçilər izləyirlər. Seçkilər demokratik keçir, nəticələrə mənfi təsir göstərə biləcək amillər yoxdur. Seçici siyahıları hər kəsin yaxından tanış olması üçün məntəqələrdə asılıb.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə fəaliyyət göstərən 63 məntəqədə Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyasına bu gün səhər saat 8:00-da start verilib. Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev bildirib ki, dəqiqləşdirilmiş siyahıya əsasən səsvermədə 41 min 290 nəfər seçici iştirak etməlidir. Onlar seçki bülletenlərinə daxil edilən 10 namizəddən istədikləri şəxsə səs verə bilərlər. Səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikirini sərbəst, demokratik şəraitdə ifadə etməsi üçün lazımi şərait yaradılıb. Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb.
Səsvermədə şəfaflığın təmin olunması, demokratik prinsiplərə əməl edilməsi ciddi diqqət mərkəzindədir. Dairə üzrə 955 müşahidəçi bu prosesi izləyir. 10 məntəqədə “Rəy Monitorinq Mərkəzi”nin nümayəndələri sorğu keçirir.
Azərbaycanın şimal bölgəsinin 5 rayonunda 6 seçki dairəsi üzrə 366 seçki məntəqədə keçirilən seçkiləri izləmək üçün 5 min 583 yerli və xarici müşahidəçi qeydə alınıb. 51 saylı Qusar seçki dairəsinin 63 məntəqəsinin 10-da veb-kamera quraşdırılıb. Bu dairə üzrə qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 979 nəfərdir.
52 saylı Quba seçki dairəsində mövcud 72 məntəqədə keçirilən seçkiləri izləmək üçün 1400 müşahidəçi qeydiyyatdan keçib. Bu dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb.
53 saylı Quba-Qusar seçki dairəsində isə 950 nəfər müşahidəçi 76 məntəqədə seçki prosesini izləyəcək. Dairə üzrə quraşdırılan 10 veb-kamera vasitəsilə istənilən yerdən müşahidə aparmaq imkanı yaradılıb.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 10-da veb-kamera quraşdırılıb və 950 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.
55 saylı Xaçmaz şəhər seçki dairəsində qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 584 nəfərdir. Bu dairə ərazisində 12 məntəqədə veb-kamera var.
56 saylı Xaçmaz kənd seçki dairəsində isə 44 məntəqə üzrə 720 müşahidəçinin qeydiyyata alınıb və 10 məntəqədə veb-kamera quraşdırılıb.
Şimal regionunda 6 deputat yerinə 76 namizəd mübarizə aparır.
Bakının 20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb. 20 saylı Nərimanov II seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 363 seçici qeydiyyata alınıb. Namizədlərin sayı 12 nəfərdir. Ən yaşlı seçicinin 100 yaşı var.
Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.
Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Bundan başqa, bütün məntəqələrdə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.
Seçki prosesinin başlanmasından keçən müddətdə seçicilərin fəallığı müşahidə olunur. Seçki komissiyalarında müşahidəçilər seçki prosesinin gedişini izləyirlər. Kütləvi informasiya vasitələrinin nümayəndələri seçkilərin işıqlandırılmasında yaxından iştirak edirlər.
Sumqayıtda da səhər saat 8-dən Azərbaycan Milli Məclisinə seçkilər başlayıb. Sumqayıtda parlament seçkiləri 4 seçki dairəsi üzrə keçirilir. Sumqayıtda 4 deputat mandatı uğrunda 59 namizəd mübarizə aparır.
Seçicilərin siyahısına müvafiq olaraq, şəhərin 163.028 sakininin seçmək hüququ var. Onların öz iradələrini sərbəst ifadə etmələri üçün 134 seçki məntəqəsi təşkil edilib. Seçki məntəqələrində səsvermə, o cümlədən fiziki imkanları məhdud olan insanların səs verməsi üçün hər cür şərait yaradılıb. Yeri gəlmişkən, bir gün əvvəl seçki məntəqələrinin monitorinqini keçirmiş beynəlxalq müşahidəçilər də bu faktı təsdiq ediblər.
Ən fəal sumqayıtlılar öz namizədlərinə birincilər sırasında səs vermək üçün səhər tezdən seçki məntəqələrinə tələsiblər.
Sumqayıt üzrə dairə seçki komissiyalarının saat 10-a olan məlumatına görə, şəhərdə seçicilərin 10,7 faizi artıq səs verib.
Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin əhatə etdiyi 32 məntəqədə fəallıq daha yüksəkdir.
Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirib ki, 32 məntəqədə (5 qapalı) 47 min 123 seçici səs verəcək. Heç bir qanun pozuntusu müşahidə olunmayıb. Seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
“İnanıram ki, fevralın 9-da seçicilər dövlətini, xalqını sevən, yüksək peşəkarlığı və təşəbbüskarlığı ilə seçilən namizədlərə səs verəcəklər”, - deyən dairə seçki komissiyasının sədri seçkilərin şəffaf və ədalətli şəkildə aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, hər bir namizəd üçün bərabər şərait yaradılıb.
O deyib: “Əminəm ki, parlament seçkilərinin nəticələri də Azərbaycan xalqının iradəsini ifadə edəcək. Yeni formalaşacaq parlament sürətlə inkişaf edən ölkəmizin daha da güclənməsində mühüm rol oynayacaq”.
7 saylı seçki məntəqəsinin sədri Allahverdi Abbasov bildirib ki, seçkinin bütün qaydalarına əməl olunur. Seçicilərin rahat səs vermələri üçün məntəqədə hər cür şərait yaradılıb. Müşahidəçilər də seçkilərin gedişini yüksək qiymətləndirirlər.
“Heç bir narahatlıq yoxdur. Seçicilər gəlib istədikləri namizədə səs verirlər. Biz seçkilərin gedişindən razıyıq”. Bu sözləri isə müşahidəçi Xəyal Mustafayev deyib.
Neftçi İlham Həsənov: “Seçki məntəqəsində yaradılan şəraitdən razıyam. Mən ürəyim istədiyi namizədə səs vermişəm”.
Müstəqil müşahidəçilər də əhalinin seçkilərdə fəal iştirakını vurğulayıblar. Bildiriblər ki, seçkilər normal qaydada gedir. Hələlik seçki pozuntusu qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB