YAP-ın namizədinə böyük seçici dəstəyi FOTOLAR

Fevralın 3-də günün ikinci yarısında Milli Məclis seçkilərinə 117 saylı Qğuz - Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aqiyə Naxçıvanlının Oğuzda seçicilərlə möhtəşəm görüşü keçirilib. İzdihamlı keçən görüşdə rayon ağsaqqalları, şəhid ailəsi, Qarabağ veteranları, rayonun hörmətli ziyalıları, həmçinin gənc seçicilər iştirak ediblər.

Tədbiri YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq seçklərlə bağlı Yeni Azərbaycan Partiyasının platforması barədə və YAP namizədi Aqiyə Naxçıvanlının həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. Həmçinin bundan əvvəlki deputatlığı dövründə gördüyü işlərdən danışıb.

Namizədin vəkili Emin Əzimli çıxışında Aqiyə Naxçıvanlının oğuzlular üçün xüsusi təqdimata ehtiyacı olmadığını bildirdi. Onun necə mətin, iradəli bir insan olmasından, Oğuz təhsilinə qayğısından söz açıb. Bütün oğuzluları Aqiyə xanımı dəstəkləməyə çağırıb.

Rayon Ağsaqqallar şurasının rəhbəri Cuma Cumayev Aqiyə xanımın ziyalı ailəsində doğulduğunu, hələ gənc ikən necə çalışqan, əzmkar biri olduğunu qeyd edib. Onun Rayon Komsomol Komitəsinin birinci katibi işlədiyi vaxtlardan söz açıb. Çalışqanlığı o vaxtın rəhbər dairələrinin də nəzərindən qaçmadığını və onun Bakiya məsul vəzifəyə irəli çıkilməsindən danışıb.

Rayon ağsaqqalı Mirsahib Rəhimov Aqiyə xanımın mənsub olduğu ailə haqqında geniş danışıb. Qeyd edib ki, rayonda ilk dəfə əməkdar müəllim adına atası Həbib Naxçıvanski layiq görülüb. Mirsahib müəllim məktəb direktoru vəzifəsində çalışarkən Həbib müəllimin ona göstərdiyi köməkliyi də kövrələrək qeyd etməyi özünə borc bilib. Böyük fəxrlə Aqiyə xanımın gənclik illərindən danışıb. Valideynlərinin verdiyi tərbiyənin, damarlarında axan qanın təsiri, çalışqanlığı, əməksevərliyi nəticəsində Aqiyə xanımın Oğuzdan ilk qadının siyasi eləmlər doktoru, professor adına layiq görülməsinin rayon üçün qürurverici olduğunu söyləyib.

Çıxışçılardan Əməkdar jurnalist, tarix elmləri doktoru, professor Qafar Cəbiyev də hər zaman Oğuzda böyüyə, kiçiyə hörmət qoyulduğunu, dövlətə-dövlətçiliyə sadiqlik gördüyünü söyləyib. Bəşər tarixində çox kəşflərin olduğunu, lakin cəmiyyətin, insanların qanunlar tərəfindən idarə edilməsi kimi bir kəşfin olmadığını bildirib. Aqiyə xanımla 10 il bir institutda işlədiyindən, onun çox gözəl idarəçilik qabiliyyətinə malik olduğundan, insani keyfiyyətlərindən, pedaqoji fəaliyyətindən, neçə-neçə gəncin müəllim adına yiyələnməsinə sərf etdiyi əməyindən, onlara göstərdiyi qayğıdan danışıb.

Seçicilər Əbülfət Əsgərov, Təranə Zəkəriyyəyeva və başqaları söz alaraq Azərbaycanda seçkilərin həmişə demokratik keçirildiyini, bu seçkinin də bir nümunə olacağına əmin olduqlarını və Oğuzda doğulub, boya başa çatan Aqiyə xanımın oğuzluların həm fəxri, həm də qürur mənbəyi olduğunu bildiriblər.

Oğuz Rayon Cümə məscidinin baş axundu Şövkət Cəlilov Aqiyə xanımı tanıdığı dövrdən bu yana milli mənəvi dəyərlərə yüksək önəm verdiyini söylədi. Onun müsəlman aləminin müqəddəs Ramazan və Qurban bayramlarında xeyriyyəçi kimi seçicilərinin yanında olduğundan danışıb.

Xocalı məktəbinin direktoru Aydın Əliyev xocalıların çətin zamanlarında Aqiyə xanımın onlara dəstək olduğunu və hər il respublikamızda keçirilən Xocalı ildönümü münasibəti ilə onların görüşlərinə gəldiyini, daim qayğı göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda isə deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuzda doğulub boya başa çatması ilə qürür duyduğunu, buğun oğuzlularla bir yerdə olmasından məmnunluğunu ifadə etdi. Seçicilər qarşısında hesabat xarakterli çıxış edən Aqiyə Naxçıvanlı Parlamentdə 9 illik fəaliyyəti müddətində qanunvericilik və seçicilərini təmsilçiliyi ilə bağlı gördüyü işlərdən danışıb. Aqiyə xanım növbəti beş ildə də Oğuz-Qəbələ seçicilərinin inamını qazanacağı təqdirdə parlamentdə Vətənini, millətini, seçicilərini layiqincə təmsil edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə