Seçiciləri Kamilə Əliyevanı yenidən millət vəkili görmək istəyirlər
Fevralın 9-da keçiriləcək parlament seçkilərində 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Deputatlığa namizəd Kamilə Əliyeva növbəti görüşünü Zaqatala rayonunun Göyəm və Üçüncü Tala kənd sakinləri ilə keçirib.
Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Kamilə Əliyeva çıxış edərək, seçicilərə parlamentdəki fəaliyyəti haqqında məlumat verib. O, Prezident İlham Əliyevin uğurlu məqsədyönlü siyasətindən, eləcə də, ölkədə aparılan kadr, iqtisadi-siyasi islahatlardan danışıb. Kamilə Əliyeva qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu deyən Kamilə Əliyeva bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Budəfəki parlament seçkilərinin də azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb. Deputatlığa namizəd, həmçinin, YAP-ın Seçki Proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.
Kamilə Əliyeva daha sonra seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçicilər Yeni Azərbaycan Partiyasının layiqli namizədini dəstəklədiklərini və parlament seçkilərində, birmənalı olaraq, ona səs verəcəklərini bildiriblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB