YAP-ın namizədi: “Yüksək infrastruktur təminatının yaradılması insanların layiqli həyat şəraitinin təmin olunmasını mümkün edib”
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov seçicilərlə keçirdiyi silsilə görüşlərini davam etdirir. SİA xəbər verir ki, növbəti görüş Babək rayonunun Vayxır, Xal-Xal və Nəcəfalıdizə kəndlərində keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının sədri İsa Məmmədov Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. İ.Məmmədov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Siyavuş Novruzov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyasının bütün seçkilərin aşkar favoriti olduğunu deyib. O, seçicilərin keçirilən görüşlərə böyük ruh yüksəkliyi ilə qatılmalarının təsadüfi olmadığını deyib.
"Bu, vətəndaşların Yeni Azərbaycan Partiyasına olan böyük inam və etimadının bariz nümunəsidir. İnsanlar Prezident İlham Əliyevin muxtar respublikaya daim böyük diqqət göstərməsini olduqca yüksək qiymətləndirirlər”, bildirən Siyavuş Novruzov eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə görülmüş işlərin əhalinin rifah halının daha da yaxşılaşmasını, sosial müdafiə və təminat sisteminin güclənməsini, sosialyönümlü iqtisadiyyatın inkişafını təmin etdiyini vurğulayıb: “Digər tərəfdən, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, bir çox sahələrdə davamlı inkişaf göstəricilərinin qeydə alınması Naxçıvan Muxtar Respublikasının tərəqqi yolunda olduğunu göstərir. Babək rayonu və onun bütün kəndlərində də həyata keçirilən abadlıq-quruculuq işləri, yüksək infrastruktur təminatının yaradılması insanların layiqli həyat şəraitinin təmin olunmasını mümkün edib”.
Yeni Azərbaycan Partiyasının seçki proqramından bəhs edən Siyavuş Novruzov ötən 5 ildə görülmüş işlərin ölkəmizin qüdrətinin artmasını təmin etdiyini deyib. O, daha güclü Azərbaycan naminə YAP-ın 10 addım paketi haqqında məlumat verərək qarşıdakı dövrdə dayanıqlı iqtisadi inkişafın davam etdirilməsinin, sahibkarlığın gücləndirilməsinin, təhsilin səviyyəsinin artırılmasının, əhalinin rifahının daha da yaxşılaşdırılmasının, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının, ərazi bütövlüyümüzün bərpa olunması yönündə fəaliyyətin davam etdirilməsinin və digər istiqamətlərin başlıca vəzifələr kimi müəyyən edildiyini diqqətə çatdırıb. Siyavuş Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşlər zamanı seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB