YAP Sabunçu rayon təşkilatının təşviqatı davam edir - FOTOLAR

Bu gün 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əliabbas Salahzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Sabunçu rayon təşkilatının qərargahında seçiciləri ilə növbəti görüşü keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, hakim partiyanın seçkilərə hazırlığı və rayon təşkilatının bu məqsədlə gördüyü işlər barəsində məlumat verib. Natiq bildirib ki, hazırda təşviqat kampaniyası uğurla davam etdirilir, partiyanın namizədləri yerlərdə seçicilərlə görüşürlər: "YAP-ın bu seçkilərdə də irəli sürdüyü namizədlər Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial-rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlardır. Ona görə də YAP bu şəxslərə böyük etimad nümayiş etdirərək, onların namizədliyini irəli sürüb".

Deputatlığa namizəd Əliabbas Salahzadə görüşdə öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Ə.Salahzadə deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib. O, seçkilərdə qalib gələcəyi təqdirdə, rayonun seçicilərinin etimadını doğrultmağa çalışacağını da söyləyib.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov seçiciləri partiyamızın gənc və perspektivli namizədi Əliabbas Salahzadəni dəstəklədiklərini və Azərbaycanın daha da güclü dövlətə çevrilməsi üçün yeni birlik nümayiş etdirməyə səs verəcəklərinə əmin olduğunu deyib.

Görüşdə çıxış edən seçicilər də bu seçkilərdə də YAP-nını qərarına dəstək verəcəklərini və Əliabbas Salahzadəyə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə