Ağdaşlıların seçimi: Cavid Osmanov

Təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam edən Cavid Osmanovun növbəti görüşləri rayonun Şəkili və Qoşaqovaq kəndlərində keçirilib. Hər iki görüşü deputatlığa namizəd Cavid Osmanov açaraq, 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi, eləcə də, həyat və fəaliyyəti haqqında seçicilərə geniş məlumat verib.

Ölkədə hayata keçirilən uğurlu daxili və xarici siyasətə diqqət çəkən Cavid Osmanov, son 16 il ərzində, Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirib ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün Ümummilli Liderimiz Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində, iqtisadi keçid dövrünü başa vuraraq və modern inkişaf yolunda inamla irəliləyir.

Cavid Osmanov Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin Ağdaş rayonuna olan xüsusi diqqət və qayğısından danışıb. Rayonda kənd yollarının yenidən qurulduğunu, məhz bu işlər nəticəsində, Şəkili və Qoşaqovaq kəndlərinə də yeni asfalt yolun çəkildiyini vurğulayıb. Cavid Osmanov bütün bu işlərin ölkə başçısı İlham Əliyevin və Onunla çiyin-çiyinə birgə addımlayan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həyata keçirdikləri yorulmaz fəaliyyətin bəhrəsi olduğunu bildirib. Ağdaşlıların hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olduğunu diqqətə çatdıran Cavid Osmanov göstərdikləri yekdil dəstəyə görə onlara öz minnətdarlığını bildirib.

Görüşlərdə çıxış edən təbliğat qrupunun üzvlərindən Vaqif Hacıyev və Sevgili İbrahimova Cavid Osmanovun Milli Məclisdəki fəaliyyətinə nəzər salıblar və rayon üçün gördüyü işlərdən danışıblar. Onlar seçiciləri səsvermə günü düzgün seçim edərək, yekdil şəkildə Ağdaş üçün layiqli namizəd olan Cavid Osmanova səs verməyə çağırıblar.

Görüşlərdə seçicilər adından çıxış edən Şəkili kənd sakinləri Mirxalid Yunusov, Əlövsət İsmayılov, Ağasəf Məcidov, Qoşaqovaq kənd sakinləri Yusif Muradov, Təqrəddin Xəlilov,

Zəkiyyə Abdullayeva və Mahir Məmmədov qeyd ediblər ki, onlar hər zaman dövlətə və dövlətçiliyə sadiqdirlər. Öz seçimlərini ilk gündən müəyyənləşdirdiklərini bildirən kənd sakinləri bəyan ediblər ki, onların seçimi Ağdaşı Milli Məclisdə layiqincə təmsil etmiş və yenidən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cavid Osmanovdur. Onlar fevralın 9-da böyük coşquyla seçki məntəqələrinə gedərək, bu seçimlərini, rəsmi olaraq, təsdiqləyəcəklər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə