Şirvanın inkişafı, şirvanlıların rifahı və Azərbaycanın qüdrətlənməsi naminə!

46 saylı Şirvan seçki dairəsindən Milli Məclisin deputatlığa namizəd Əliyeva Əsmər Əlimusa qızı

SEÇKİ PLATFORMASI

- Şirvanda iqtisadi, siyasi, ictimai proseslərin ölkədə aparılan yeni islahatlar kursuna uyğunlaşdırılmasına töhfə vermək;

- Bütün seçicilərimin həmdəmi, yardımçısı olmaq, şəhərin müxtəlif məhəllələrində mütəmadi qəbullar, görüşlər keçirmək, sakinlərin bütün qayğılarını dərhal öyrənib, həllinə kömək etmək;

- Bir hüquqşünas olaraq əhalinin hüquqlarını yalnız parlamentdə qorumaqla kifayətlənməyərək, seçicilər üçün effektiv hüquqi məsləhətxana və hüquqların müdafiəsi xidmətini təşkil etmək;

- Prezidentin hər bir vətəndaşdan tələb etdiyi «ictimai nəzarət mexanizmi»ni Şirvanda tətbiq edərək, sakinləri narahat edən problemləri, onların üzləşdikləri maneələri dərhal müəyyənləşdirmək, operativ araşdırmaq və səmərəli həll etmək;

- Şirvanın yüksəlişinə nail olmağı, əhalinin sosial çətinliklərini aradan qaldırmağı fəaliyyət prioriteti kimi qəbul edəcək «Şirvanın İnkişafı naminə» fondunu təsis etmək və bu fond vasitəsilə şəhərdə xeyriyyəçilik, himayədarlıq fəaliyyətini genişləndirmək, aztəminatlı ailələrin, xüsusi kateqoriyalı insanların sosial müdafiəsini gücləndirmək, maarifçilik prosesinə diqqəti artırmaq;

- Yol, nəqliyyat, enerji, qaz və su təminatında qarşılaşılan problemlərin kompleks həlli üçün tədbirlər həyata keçirmək;

- Gənclərin işsizliyi, qadınların məşğulluq problemlərinin həllinə nail olmaq üçün effektiv layihələr hazırlamaq və onların icrasını gerçəkləşdirmək;

- İstehsalı dayandırılmış müəssisələrin yenidən işə düşməsi üçün müvafiq dövlət orqanları ilə birgə tədbirlər planı hazırlamaq;

- Gənc ailələrin mənzil və cari çətinliklərinin aradan qaldırılırması üçün sosial proqramlar həyata keçirmək, mərkəzi strukturların diqqətini bu sahəyə cəlb etmək;

- Sahibkarların, fermerlərin normal fəaliyyəti üçün əsas amil sayılan kredit ayrılması prosesində şəffaflığa nail olmaq, bu sahədəki narazılıqların aradan qaldırılması məqsədilə xüsusi nəzarət mexanizmi tətbiq etmək;

- Təmirə və bərpaya ehtiyac duyan məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının zahiri və mənəvi görkəmini yeniləşdirmək, maddi-texniki bazalarını təkmilləşdirmək məqsədilə xüsusi tədbirlər planı hazırlamaq.

Bizi qarşıda daha məsuliyyətli, nailiyyətli, şərəfli 5 il gözləyir!

Bu yolda Sizinlə birgə irəliləmək üçün etimadınıza güvənirəm!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...