Deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib

Yanvarın 21-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib. Tədbiri açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib.

T.Tağıyev vurğulayıb ki, partiyamız parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın deputatlığa namizədinin növbəti dəfə Hikmət Babaoğlu olduğunu bildirib. O, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti, eləcə də ötən 5 ilə yaxın müddətdə gördüyü işlər haqqında geniş məlumat verib.

Görüşdə çıxış edən Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov seçicilərin hər zaman YAP-ın namizədini dəstəklədiyini bildirib. M.Həsənov Nərimanov rayonunun inkişafı yönündə böyük işlər görüldüyünü deyib: “Biz inanırıq ki, Hikmət Babaoğlu bundan sonra da bu yolu uğurla davam etdirəcək. Çünki o, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu bir partiyanı təmsil edir. Ağsaqqallar olaraq ona seçkilərdə xeyir-dua veririk və seçicilər arasında onun təbliğatını davam etdirəcəyik”.
Görüş iştirakçılarından Mərcan Şahbuzlu və Sənəm Cəbayeli də çıxış edərək YAP-ın ölkəmizin ən güclü siyasi qüvvəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Nərimanov rayonunda böyük quruculuq işləri aparılır, millət vəkillərinin də bu prosesdə payı var.

19 saylı Nərimanov birinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu seçiciləri salamlayaraq görüşə gəldikləri üçün təşəkkür edib. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Hikmət Babaoğlu deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam edəcək: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi güc və 750 minə yaxın insanın siyasi iradəsi dayanıb”.
YAP-ın seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəfə nail olacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin seçiciləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə