YAP-ın namizədi Məşhur Məmmədovun seçicilərlə görüşü keçirilib
09 fevral 2020-ci il tarixdə keçiriləcək Parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində 70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədov Məşhur Şahbaz oğlunun "Daha Güclü Azərbaycan Naminə!" devizi altında fəal qadınlarla görüşü keçirilmişdir.
Görüşlərdə YAP Masallı rayon təşkilatı seçki qərargahının sədri Seyfəddin Əliyev çıxış edərək VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Məşhur Məmmədov haqqında ətraflı məlumat verib. Və seçiciləri deputatlığa namizəd Məşhur Məmmədova səs verməyə çağırıb.
Seçicilər də çıxış edərək seçkilərdə fəal iştirak edəcəklərini, birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd Məşhur Məmmədov seçicilər qarşısındakı çıxışında bildiribdir ki, Milli Məclisə keçirilən seçkilərdə mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən bir daha sizin sakini olduğunuz ərazidən irəli sürülmüşdür: "Bu etimad mənim üçün olduqca fərəhli və ikiqat məsuliiyəli bir sınaqdır. Əmin ola bilərsiniz ki, məni Milli Məclisin deputatı seçsəniz, hər birinizin problemini öz şəxsi vətəndaş problemim kimi qəbul edəcək, hər bir seçiciyə fərdi yanaşacaq, imkan daxilində həmin problemlərin həllinə yardımçı olacağam".
Qarşıdakı illərdə fəaliyyətini YAP-ın seçki proqramına uyğun olaraq quracağını bildirən Məşhur Məmmədov seçicilərini əmin etdi ki, gələcək dövr üçün nəzərdə tutulmuş iqtisadi inkişaf proqramlarının reallaşdırılması nəticəsinə ölkəmizin qüdrəti daha da artacaq, iqtisadi fəaliyyətə və sahibkarlığa hərtərəfli dəstək veriləcək, yenə də xalqın mənafeyi və milli maraqları əsas tutulacaqdır.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə