Tədrislə bağlı yeni qaydalar nələrdir? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Bu gündən artıq məktəblər ənənəvi formada təhsili davam etdirirlər. 1 və 4-cü siniflərdə artıq bütün Respublika ərazisində tədrisə əyani formada başlanılıb. Sentyabrın 29-dan sonra isə 5 və 11-ci siniflər, peşə müəssisələri və ali təhsil müəssisələri ənənəvi formada təhsilə başlayacaqlar". Bu sözləri SİA-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi və fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu gün 1 və 4-cü siniflərə gedən şagirdlərin sayı 643 min 333 və ilk dəfə 1-ci sinifə məktəbə qədəm qoyan birincilərin sayı isə 158 min 608 nəfərdir: "Əlbəttə ki, qaydalar mütləq şəkildə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənəcək. Artıq bu gün Nazirlər Kabinetinin müvafiq qərarı Baş Nazir Əli Əsədovun imzası ilə təsdiq olundu və o qaydalarda bütövlükdə tədrisin başlanması ilə əlaqədar olaraq bütün normalar öz əksini tapıb. Bununla bağlı artıq Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib, məktəblərdə təhsil alanların və təhsil verənlərin davranışları, ara məsafəsi ilə bağlı eyni zamanda, dərs otaqlarının, bütövlükdə məktəbin sanitar normalara uyğun olaraq dezinfeksiya edilməsi, təhsil alanların və təhsil verənlərin temperaturunun ölçülməsi, koronavirus olacaq xəstələr üçün ehtiyyat otaqlarının olması və s. qərarda öz əksini tapıb".

İlqar Orucov sözlərinə belə davam edib: "Bu qaydalara davam etməklə ənənəvi təhsili uğurla davam etdirəcəyik. Nə qədər riskli olsa da bu addımı atmaqda çox cidid zərurət var idi. Çünki, ənənəvi təhsilin davam etdirilməsi keyfiyyətli təhsil vermək və almaqla bağlı ciddi problemlər yaratmışdı. Bütün bunlarla bağlı çox müsbət qərarlar verilib və əminəm ki, təhsil müəssisələri də bu qərarlara ciddi əməl edəcəklər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...