Azərbaycan dili ilə bağlı yeni qaydalar hansılardır? - FİLOLOQ ŞƏRH ETDİ

“Orfoepiya normaları haqqında ilk növbədə onu qeyd edim ki, bu normalar müasir Azərbaycan dilində işlənən sözlərin, şəkilçilərin və abreviaturlarda ixtisarların düzgün tələffüz qaydalarını nəzərdə tutur. Hal-hazırda da orfoepiya normalarımız müəyyən edilərkən bunlar əsas götürülür. Müasir Azərbaycan dilinin orfoepiya normaları hazırlanarkən ədəbi dilimizin istər lüğəvi, istər qrammatik və qrafik yazı qaydaları əsas bilinir. Yəni, prinsip etibarı ilə onlara istinadən edilir”. Bu sözləri SİA-ya açıqlamasında filoloq Səkinə Novruzlu deyib.

Onun sözlərinə görə, buna görə də biz Azərbaycan dilinin lüğət tərkibini, qrammatik qaydalarını, fonetik normalarını, yazı qaydalarının tərkibində olan dəyişiklikləri orfoepiya lüğətində görürük: “Amma dəyişiklik olmayan məsələlərdə ənənəvi olaraq orfoepik normalar əvvəlki illərdəki kimi saxlanılaraq təstiq edilib. Onu da qeyd edim ki, əsl Azərbaycan mənşəli sözlərin çoxu və alınma sözlərin müəyyən hissəsi orfoqrafik normalara əsasən necə yazılırsa, elə də tələffüz edilir. Buna görə də Azərbaycan dilinin orfoepik qaydalarında daha çox 7 prinsip müəyyən edilib. Bunların çoxunda görəcəyimiz xüsusiyyətlər daha çox alınma sözlərlə bağlıdır. Bununla yanaşı, Azərbaycan dilində alınma sözlərin işlənməsinin tarixi səbəbləri var. Bir çox sözlər ənənəyə uyğun olaraq əvvəlki kimi, yəni olduğu şəkildə tələffüz edilir”.

“Ümumi rəyə gəlincə, ərəb-fars mənşəli sözlərdə sözün ilk hecasında tələffüz zamanı mənbə dilə istinad edir. Saitlər ilk və uzun hecada uzun tələffüz edilir. Orfoepik normalarda ən problemli məsələlərdən biri sayılan Avropa mənşəli sözlərdə qoşa “o” saitinin işlənməyidir. Elə sözlər var ki, qoşa “o” ilə yazılsa da, tələffüzdə “a” yoxsa “o” kimi deyilməsi müəmmalı qalır. Həmin məsələlər artıq dəqiqləşdirilib. Konkret qayda müəyyən edilibdir ki, Avropa mənşəli sözlərdə qoşa “o” varsa, onların az bir qismi uzun “a” saiti ilə, böyük əksəriyyəti isə bir “a” saiti ilə tələffüz edilsin”.

Səkinə Novruzlu sözlərinə belə davam edib: “Digər bir orfoepik norma odur ki, müxtəlif qoşasaitli sözlərin tələffüzü ilə bağlı qaydalar da dəqiqləşdirilib. Eyni zamanda, Avropa mənşəli sözlərdə “o” saiti “a” kimi tələffüz olunur. Başqa bir məsələ “oktyabr”, “noyabr”sözlərinin tələffüzü idi. Bunun “oktyabr” yoxsa “aktyabr” olması problemli məsələlərdən olub. Bu gün isə bu sözlərin “oktyabr” və “noyabr” olduğu müəyyənləşib”.

“Bəzi məqamlarda tələffüz problemi yaradan başqa bir qayda var. Tərkibində “of”, “öf” hecası olan sözlərin tələffüzüdür. Əvvəlki illərdə belə sözlərdə “o” və “ö” saiti uzun tələffüz edilir və samiti ixtisar edilirdi. İndi isə bu aradan qalxıb. Məsələn, lövhə, növbə və s.”

“Digər bir məqam isə ümumən samitlərin tələffüzündə kar samitlərin işlənməsidir. İstər eynicinsli, istərsə də müxtəlifcinsli kar samitlər cingiltiləşməyə səbəb olur. Bu qayda da əvvəlki illərdə olduğu kimi qorunub saxlanılıb”.

Səkinə Novruzlu son olaraq da bu fikirləri qeyd edib: “Yenilik sayıla biləcək başqa bir qayda bundan ibarətdir ki, əvvəlki qaydalara əsasən “dır” şəxs sonluğu yalnız feil olmayan sözlərə və feilin təsriflənməyən formalarından bir qisminə qoşulanda “r” samiti tələffüz edilmir. İndiki orfoepik normalarda “dır” şəxs sonluğu həm adlarda, həm də bir çox feillərdə tələffüz zamanı “dı” kimi tələffüz edilir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə