UFAZ-da Anlaşma Memorandumu imzalanıb - TƏDBİR -FOTOLAR

Bu gün Azərbaycan-Fransız Universitetində (UFAZ) "Total E&P Absheron" şirkəti Strasburq Universiteti (Unistra)-UFAZ və Paşa Bank ASC-Strasburq Universiteti (Unistra)-UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb. SİA-nın verdiyi xəbərə görə, görüşdə eyni zamanda "Total E&P Absheron" şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanıb.

Bu anlaşma Total E&P Absheron, eləcə də UNISTRA-UFAZ əlaqələrini daha da möhkəmləndirəcək. Sənədləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, "Total E&P Absheron" şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov imzalayıb.

Qeyd edək ki, 2019-cu il iyulun 17-də Total Fransa ofisinin Ümumi Təhsil İnkişafı üzrə direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr Total şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştirakını aktiv şəkildə davam etdirir. Total təqaüdünü qazanacaq tələbələrin bir neçəsi səfirlik tərəfindən Fransa hökümətinin təqaüdçüsü adına layiq görüləcək va bu onlara Fransada təhsil alacaqları müddətdə daha da fayda verəcəkdir. UFAZ ilə Paşa Bank arasında da tələbələrin bankın təcrübə proqramında iştirak etmələri və məzun olduqdan sonra öz karyeralarını burada davam etdirmələri üçün müxtəlif görüşlər keçirilib. Belə ki, 2019-cuil sentyabrın 17-də UFAZ- ın Kompüter elmləri ixtisasının dördüncü kurs tələbələri "UFAZ Karyera Günləri" çərçivəsində ilk dəfə Paşa Bankın Rəqəmsal laboratoriyasında olub. Mütəmadi olaraq UFAZ-da qonaq olan Paşa Bankın "Digital Lab" komandası tələbələrlə yüksək rəqabət qabiliyyətli IT əmak bazarında davranış bacarıqlarının əhəmiyyəti və bugünün tendensiyaları kimi mövzularda interaktiv görüşlər keçirib.

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan va Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdașlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (UNİSTRA) rahbərlik edir. Fransa səfirliyi də həmçinin Azərbaycan-Fransa, ikitərəfli əlaqələrinin uğur simvoluna çevrilmiş UFAZ-1 dəstəkləyir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...