“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb YENİLƏNİB - SƏS TV

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb YENİLƏNİB - SƏS TV

Bu gün "Gülüstan" sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunu nəzərə çatdırıb. Nazir bu məqsədlə hər il keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb.

Mikayıl Cabbarov Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Təhsil naziri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə, o cümlədən təhsildə inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir.

Son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını qeyd edən Mikayıl Cabbarov təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Ən yaxşı təqdimat" müsabiqəsinin gənc nəslin Ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənməsinə, şagirdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların əsl vətəndaş kimi yetişməsinə müsbət təsir etdiyini bildirib.

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov qeyd edib ki, Heydər Əliyev Fondunun gələcəkdə də bu müsabiqənin davamlı keçməsinə dəstək verəcək: "Ölkənin sosial iqtisadi inkişafına töhfə verən Heydər Əliyev Fondu təhsil sahəsində də böyük layihələr keçirir. Fond uUlu Öndərin əsası qoyduğu təhsil sahəsinin inkişafını daim öndə tutur. Təhsilə dəstək layihəsində məktəblərin təmir və tikilməsi, aztəminatlə ailələrə məktəb ləvazimatlarının paylanması, dərs vəsaitlərinin nəşr edilərək kitabxanalara verilməsi kimi işlər həyata keçirir".

O çıxışının sonunda müsabiqədə qalib gələnləri təbrik edərək, onlara uğurlar arzu edib.

Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib ki, Azərbaycan müstəqilliyinin bərpasından sonra Ulu Öndərin hakimiyyətə qayıdışı bir çox sahələrin inkişafına stimul verib: "Burada təhsil sahəsi prioritetlərdən biri idi. Ulu öndər hər zaman bu sahəyə diqqətlə yanaşıb. Hələ SSRİ dövründə bu sahəyə xüsusi diqqət edib. Ulu öndərin təhsil siyasəti hazırda Azərbaycan prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Son illər bu sahənin inkişafı ilə bağlı ciddi addımlar atılır".

S.Mehbalıyev qeyd edib ki, gənc istedadların üzə çıxarılması əsas vəzifələrdəndir: "Keçirilən müsabiqə də bu baxımdan böyük əhəmiyyət təşkil edir. Bu gün müsabiqədə iştirak edənlər təqdimatlarının uğurlu olması üçün əlavə məlumatlar əldə edirlər ki bu da onların Ulu Öndərlə bağlı daha çox məlumatlanmasına imkan yaradır".

Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi və İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında əsərlər səsləndirilib.

"Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə