ADA Universitetində təlimə start verildi

ADA Universitetində təlimə start verildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) benefisiarı olduğu Avropa İttifaqının (Aİ) "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə Şərq proqramının 2-ci fazası çərçivəsində fevralın 24-də ADA Universitetində "Avropa İttifaqının mülki müdafiə mexanizmi və yardım qəbul edən ölkənin dəstəyi" mövzusunda masaüstü təlimə başlanılıb. SİA xəbər verir ki, Aİ Məsələləri üzrə Bilik Mərkəzinin tərəfdaşlığı ilə başlanmış təlimə layihənin qrup rəhbəri Sergey Anaqnostinin moderatorluq edib.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib ki, FHN fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə əlaqələrin qurulmasını və əməkdaşlığın genişləndirilməsini daim diqqət mərkəzində saxlayır. BMT, Aİ və digər mötəbər beynəlxalq təşkilatlarla yüksək səviyyəli münasibətlərin qurulduğunu vurğulayan natiq qeyd edib ki, bu tədbir də həmin əməkdaşlığın bariz nümunəsidir.

Aİ ilə birgə həyata keçirilmiş layihələr barədə məlumat verən F.Tağızadə masaüstü təlimin də ölkədə bu sahədə vəziyyətin təhlili, qarşıda duran vəzifələrin həyata keçirilməsi işinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard qeyd edib ki, təlim Aİ tərəfindən Azərbaycana verilən dəstəyin tərkib hissəsidir. Bu tədbir müvafiq sahədə institusional inkişafa böyük töhfə verməklə yanaşı, qazanılmış təcrübənin mübadiləsi baxımından çox faydalıdır.

ADA Universitetinin Aİ məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova Avropa İttifaqının bu ali təhsil ocağı ilə əməkdaşlığının əhəmiyyətindən söz açıb.

Sonra tədbir mütəxəssislərin təqdimatları ilə davam etdirilib və təlimlər keçirilib.

Təlim fevralın 25-də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə